Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
XəzərXəbər xəbər verir ki, məlumatda deyilir:
Xəbər
verildiyi kimi, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan
olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı
Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən
xəsarətləri yetirib.
Fakt üzrə başlanılmış cinayət işi üzrə
həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə
müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis
Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən
əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.
2017-ci
ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun
ayında odlu silah əldə etmək üçün «Kapitalbank»ın Gəncə filialında
postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət
yetirərək «Makarov» markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan
sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək
məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli
davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan
atəş açaraq onu yaralyıb hadisə yerindən qaçmışdır.
Cari il iyul
ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd
olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını
qətlə yetirməyə cəhd etmişdir.
Araşdırmalar göstərmişdir ki,
Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda
şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir
neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos,
vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini
təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman
birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də
hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul
ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda
həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur.
Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın
düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ
almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə
qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir.
Həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə
cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin
üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər
üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam
etdirilir.
Eyni zamanda bildiririk ki, terror aktlarına,
dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış
edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcəkdir.