İyulun 4-5-də Xəzər
dənizi Bakı buxtası Qum adasının 3-4 km2 olan sahilboyu dayaz
akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə
verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün nazirliyin
və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının
əməkdaşları əraziyə baxış keçirib.
Baxış zamanı balıqların
sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın
əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə
balıq və su nümunələri üzərində analizlər aparıb.
Balıq
nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji
analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion
xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.
Balıqların
yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi
parametrləri üzərində də analizlər aparılıb. Analizlərin nəticələrinə
görə nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll
olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş
oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və
balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı
körpələrinin kütləvi tələfinə səbəb olub.
Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.