Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur.
XəzərXəbər-in
məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy
rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gün Gədəbəy
rayonunda çox əlamətdar bir gündür. Həm Ulu Öndərin adını daşıyan gözəl
mərkəz açılır, həm də Gədəbəy şəhərinin içməli su problemi həll olunur.
Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Çünki Ulu Öndərin fəaliyyəti
nəticəsində bu gün Azərbaycan
uğurla inkişaf edir. Məhz onun siyasəti nəticəsində Azərbaycan 1993-cü
ildən bu günə qədər sürətli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev
müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyləri,
fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm
qoymuşdur. 2003-cü ildən isə bu siyasət davam etdirilir və bugünkü
Azərbaycan əslində bu siyasətin gözəl nümunəsidir”.
İlham Əliyev
bildirib ki, ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir,
sosial-iqtisadi məsələlər öz həllini tapır: "Azərbaycan beynəlxalq
arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında
sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç
bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox
təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və
gələcək inkişaf üçün də yaxşı perspektivlər var”.
Prezident
vurğulayıb ki, bu gün Gədəbəy şəhərinin su probleminin həlli də bu
siyasətin bir təzahürüdür: "Çünki siz - burada yaşayan insanlar yaxşı
bilirsiniz ki, su həmişə insanları narahat edən bir problem olub.
Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə bir neçə saat ərzində
su ilə təmin olunurdusa, bu gün bu problem əsaslı şəkildə öz həllini
tapıbdır və Gədəbəyə təmiz içməli su gətirilib. Hesab edirəm ki, bu
layihə tarixi layihədir. Çünki tarixdə bu günə qədər bu problem heç vaxt
öz həllini tapmamışdı. Bu layihənin həyata keçirilməsi üçün, əlbəttə,
böyük vəsait tələb olunurdu. Azərbaycan dövləti bu vəsaiti ayırdı ki,
insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su həyat deməkdir. Təmiz
su isə sağlam həyat deməkdir. İndi Azərbaycanda içməli su layihələrinin
icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə
verilib. İndi icra edilməkdə olan layihələr kifayət qədər çoxdur. Bir
sözlə, qarşıya vəzifə qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün
bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunsun. Hesab
edirəm ki, bu, infrastruktur layihələri arasında ən önəmli layihələrdən
biridir”.
Dövlət başçısı deyib ki, Gədəbəy rayonunda ekoloji vəziyyət çox
yaxşıdır: "Təmiz hava, təmiz ekologiya. Bura əslində kurort zonasıdır.
Gədəbəy təbii bulaqlarla zəngin bir rayondur. Bu gün biz mineral sular
zavodunda yeni xəttin açılışını da qeyd etdik və mənə deyildi ki,
Gədəbəy rayonunda bir çox bulaqlar var. Belə olan halda, su xətləri
çəkilməli, su şəbəkəsi yaradılmalı idi ki, əhali bu imkanlardan istifadə
etsin. Biz buna nail olduq. İnsanların sağlamlığı üçün əlbəttə ki,
ikinci mühüm amil tibb xidmətidir. Bu məsələ də Gədəbəydə həll
olunubdur. Mənim bir neçə il bundan əvvəlki səfərimdə gözəl xəstəxana
açılıbdır. İndi 120 çarpayılıq xəstəxana fəaliyyət göstərir. Digər
infrastruktur layihələri uğurla icra edilir. Bu gün elektrik
yarımstansiyasının açılışını qeyd etdik. Bu problem də Gədəbəy şəhərində
və rayonunda öz həllini tapır. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrdə
hava şəraitindən asılı olaraq işıqlar kəsilirdi, köhnə, çürümüş taxta
dirəklər sıradan çıxırdı, - onların şəkilləri indi mənə təqdim olundu, -
əlbəttə ki, bu, bizə yaraşmırdı. İndi həm yarımstansiya tikilib, həm
yeni ötürücü xətlər çəkilib ki, Gədəbəy rayonunda enerji təminatı
dayanıqlı olsun. Biz artıq buna nail olmuşuq.
Əvvəlki səfərlərimdə, - bu, mənim Gədəbəyə dördüncü səfərimdir, -
vətəndaşlar məsələ qaldırmışdılar ki, kənd yolları bərbad vəziyyətdədir.
Biz bu məsələni də tədricən həll etdik. Gədəbəydə üç kənd yolu layihəsi
icra olunmuşdur və bu üç layihə 100-dən çox kəndi əhatə etmişdir.
Əslində Gədəbəydə 100-dən bir qədər çox kənd var. Gədəbəydə bütün kənd
yolları demək olar ki, əsaslı təmir edildi. Hesab edirəm ki, bu da
tarixi nailiyyətdir. Çünki yolların bərbad vəziyyətdə olması həm
insanları narahat edirdi, gediş-gəliş çətinləşirdi, həm də bu, kənd
təsərrüfatı üçün böyük problem idi. Gədəbəy rayonunun kənd təsərrüfatı,
iqtisadi potensialı artır. Gözəl kənd yollarının mövcudluğu sizə imkan
yaradacaq ki, öz məhsulunuzu bazarlara daha da tez bir zamanda çatdıra
biləsiniz. Ümumiyyətlə, inkişaf üçün – turizmin, kənd təsərrüfatının
inkişafı üçün yollar mühüm əhəmiyyət daşıyır”.
İlham Əliyev bildirib ki, Gədəbəy rayonunda qazlaşdırma 52 faiz
səviyyəsindədir. Bu da rayonun relyefi ilə bağlıdır: "Amma tədricən
qazlaşdırma da artmalıdır. Beləliklə, rayonda bütün infrastruktur
problemləri həll olunur. Eyni zamanda, sosial proqramlar da icra edilir,
sənaye müəssisələri yaradılır. Mənə verilən məlumata görə, qızıl mədəni
sahəsində 600-dən çox insan işlə təmin olunubdur. Gədəbəydə mineral
sular zavodu çox yaxşı fəaliyyət göstərir. İndi yeni limonad zavodu da
istifadəyə verilib. Bu, həm daxili bazarı təmin edir, eyni zamanda,
ixrac potensialı da yaranır. Bu da rayonun iqtisadi inkişafına böyük
dəstəkdir”.
Azərbaycan Prezidenti əlavə edib ki, gələcək illərdə emal sənayesinin,
kənd təsərrüfatının inkişafı əlbəttə ki, rayon üçün prioritet olaraq
qalacaq: "Biz hamımız – siz də, fermerlər də, sahibkarlar da növbəti
illərdə bu istiqamətdə çalışmalıyıq ki, məhsuldarlığı artıra bilək. Mən
yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin
işlərinə başlamışlar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq
bütün yerlər əkilib. Bu da çox sevindirici haldır ki, indi fermerlər
artıq dağlara da çıxıblar və orada da əkin işləri aparırlar. Biz
gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail
ola bilərik. Dünən Göygöl
rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti
nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə,
kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət
göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz
özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.
Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır.
Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə
sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika
var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii
azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var.
Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır,
insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri
tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq
biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər
il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər
qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir,
infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini
tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün
böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə,
bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına
inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda”.
Dövlət başçısı qeyd edib ki, Gədəbəydə bir gündə həm yarımstansiyanın,
həm limonad zavodunun, həm Heydər Əliyev Mərkəzinin açılışı, həm də
içməli su layihəsinin istifadəyə verilməsi göstərir ki, ölkəmizdə işlər
yaxşı gedir: "Gədəbəy rayonunda sosial-iqtisadi məsələlər öz həllini
tapır. Rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək,
yeni sərəncam imzalanacaq ki, bu günə qədər həll olunmamış məsələlər də
öz həllini tapsın və rayonda işlər həmişə yaxşı getsin. Mən sizi bu
gözəl hadisə - içməli su layihəsinin başa çatması münasibətilə ürəkdən
təbrik edirəm”.