Xəzər Xəbər

Papua-Yeni Qvineyada qəbilələr arasında qətliam: ən azı 24 nəfər ölüb

Dünya | 15:59 • 10 İyul 2019
Papua-Yeni Qvineyada qəbilələr arasında qətliam:

Papua-Yeni Qvineyanın Hela əyalətində qəbilələr arasında düşmənçilik zəminində törədilən qətliamda ən azı 24 nəfər ölüb. Öldürülənlərin arasında uşaqlar və hamilə qadınlar da var. Bəzi məlumatlarda ölənlərin sayının daha çox olduğu bildirilir.


AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, ölkənin baş naziri Ceyms Mapare bu faciəni həyatının ən ağır hadisəsi adlandırıb. Hela əyalətinin qubernatoru Filip Undialu Reuters agentliyinə bildirib ki, qətliam artıq bir neçə ildir qəbilələr arasında davam edən düşmənçiliyin acı nəticəsidir. O, əvvəllər də bu cür qırğınların baş verdiyini, çoxlu sayda dinc sakinin həyatını itirdiyini deyib.


Yerli EMTV informasiya agentliyi Tari-Pori rayonundakı kiçik kəndlərdə iki insidentin baş verdiyini yazıb. Karida adlanan kənddə 16 qadın və uşaq qətlə yetirilib. Baş nazir bildirib ki, qatillər Haqui, Okiru və Livi qəbilələrinin üzvləridir. Təhlükəsizliyi qorumaq və qətliamın qarşısını almaq məqsədilə əraziyə 100 polis nəfəri cəlb olunub.


Okeaniyada Sakit okeanın cənub-qərb sahilində yerləşən Papua-Yeni Qvineya Asiyanın ən yoxsul ölkələrindən biridir. BMT-nin hesabatına görə, burada əhalinin 40 faizi gündəlik 1 dollardan az vəsaitə yaşayır.

Xəbər lenti