Türkiyədə keçiriləcək
24 iyun prezident və parlament seçkilərilə bağlı sorğuların nəticəsi
göstərir ki, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın hakim Ədalət və
İnkişaf Partiyası (AKP) 600 mandatlı parlamentdəki çoxluğunu itirə
bilər.
"Reuters” xəbər verir ki, bir sıra investorlar seçkilərdən
sonra Türkiyədəki siyasi proseslərin dalana dirənəcəyindən narahatdır.
AKP parlamentdəki üstünlüyü qorub saxlaya bilməsə, hökumətin
formalaşdırılmasında çətinlik yarana bilər.
Lakin Ərdoğan bu məsələdə heç bir problemin olmayacağına əmin edərək, koalisiya hökumətinin anonsunu verib.
"Əgər
300-dən az yer qazansaq, o zaman koalisiya üçün axtarışa çıxacağıq” –
deyə Ərdoğan bildirib. Lakin onun fikrincə, AKP-nin parlament çoxluğunu
itirmə ehtimalı olduqca azdır.
Ərdoğanın partiyası ilə "Cumhur İttifaqı” quran Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı
bundan əvvəl bəyan etmişdi ki, əgər AKP ilə MHP parlamentdə çoxluq
qazana bilməsələr, yeni seçkilər keçirilə bilər. Müxalif Cumhuriyyət
Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə koalisiya təklifini rədd edib.
Qeyd
edək ki, AKP Türkiyədə hakim partiya olduğu 16 il ərzində parlamentdəki
üstünlüyünü qoruyub saxlayıb. Yalnız 2015-ci ilin iyun seçkilərində AKP
çoxluq qazana bilməyib. Lakin o zaman koalisiya hökuməti formalaşdırmaq
mümkün olmadığından noyabrda təkrar parlament seçkiləri keçirilib və
partiya deputat yerlərinin sayına görə yenidən lider olub.