Xəzər Xəbər

Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsinin əlaqələndirilməsinə dair layihənin icrası başa çatıb

Dünya | 11:45 • 25 Sentyabr 2017
Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsinin əlaqələndirilməsinə dair layihənin icrası başa çatıb

BMT-nin İnkişaf Proqramının və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan və Gürcüstan hökumətlərinin birgə həyata keçirdiyi "Azərbaycan ilə Gürcüstan arasında quru sərhədlərin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsinin icrası başa çatıb.


AZƏRTAC xəbər verir ki, bununla əlaqədar sentyabrın 25-də Tbilisidə geniş tədbir keçirilib. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin müavini Karlo Natale layihənin əhəmiyyətini yüksək qiymətləndirib. O deyib ki, bu layihə hər iki ölkənin regionlari arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayıb.


BMT-nin İnkişaf Proqramının Gürcüstadakı nümayəndəliyinin rəhbəri Niels Skott bildirib ki, bu layihə ölkələr arasinda iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əlaqələrin inkişafında mühum rol oynayıb.


Sonra Gurcüstan sərhəd polisinin rəisi vəzifələrini icra edən Levan Çabukidze, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin muavini, general-leytenant Fərhad Tağızadə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.


Tədbirdə Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin mühafizəsinin təşkili ilə bağlı görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, icrasına 2014-cü ildən başlanılan layihənin ümumi dəyəri 5 milyon avrodur. Ötən üç il ərzində layihə çərçivəsində iki ölkə arasında quru sərhədlərinin mühafizəsi ilə bağlı yeni infrastruktur yaradılıb, bir sıra texniki layihələr həyata keçirilib. Həmçinin kadrların ixtisasının artırılması ilə bağlı xüsusi təlimlər təşkil olunub, bir sıra zəruri-texniki avadanlıq alınıb. Nəticədə quru sərhədlərin daha yaxşı qorunması sahəsində bir sıra ugurlar əldə olunub.


F.Tağızadə jurnalistlərə musahibəsində deyib ki, bu layihə ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində, sərhədlərin daha yaxşı qorunmasında, kadr potensialının yaxşılaşmasında mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində sərhədçilərimiz Avropa İttifaqında səmərəli təcrübə mübadiləsi keçiblər.

Xəbər lenti