Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin (NRYTN) "Elektron hökumət” portalında təqdim
etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evə,
yaxud ofisə yeni telefon xətti çəkdirmək mümkündür.
Nazirlikdən
XəzərXəbər-ə verilən məlumata görə, sözügedən xidmət hazırda Bakı
şəhəri ("Bakı Telefon Rabitəsi" MMC-nin əhatə dairəsi) üçün aktivdir.
Vətəndaşlar "Elektron hökumət” portalında onlayn müraciət formasını
doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon
çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər.
Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.
Qeyd edək ki, indiyədək "Elektron hökumət” portalı üzərindən "Yeni
telefon çəkilişi” xidmətinə 13637 dəfə müraciət olunub. Xidmətdən
istifadə etmək üçün aşağıdakı 4 sənəddən birinin olması vacibdir:
- Evin qeydiyyat şəhadətnaməsi (kupça);
- Sərəncam;
- Order;
- Müqavilə.
Eyni zamanda, "Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada
həyata keçirmək mümkündür. Qeyd edək ki, hər iki xidmətdən istifadə
etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bu günə qədər həmin
xidmətə olan müraciətlərin sayı 8 765-ə çatıb. Xidmətdən istifadə etmək
üçün ailə üzvlərinin aşağıdakı 4 sənəddən birinin olması mütləqdir.
- Doğum haqqında şəhadətnamə;
- Ölüm haqqında şəhadətnamə;
- Nikah haqqında şəhadətnamə;
- Yaşayış yeri haqqında arayış.
Yeni istifadəçi üçün isə "Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.
Müraciət proseduru sadədir. Bunun üçün sistemə daxil olub telefonun ailə
üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd
edin. Addan-ada keçirəcəyiniz telefonun nömrəsi və əlaqə nömrənizi
daxil edib, yuxarıda göstərilən 4 sənəddən birini skan edərək yükləyin
və "Növbəti” düyməsini seçin.
Qeyd edək ki, istər "Yeni telefon çəkilişi”, istərsə də "Telefonun
addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən servislər və onların
abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən servisi seçib
və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynəlxalq çıxış kodlarını
açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirmək mümkündür.
Bundan başqa, NRYTN-nin "Elektron hökumət” portalında təqdim edilən
elektron xidmətlərindən istifadə etməklə "Telefonun təhvil verilməsi”
(müraciət sayı 1944), "Telefonun servislərə qoşulması” (müraciət sayı 12
129), "Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16 439), "Telefon
nömrəsi üzrə axtarış” (müraciət sayı 2 720 797) və s. kimi xidmətlərdən
yararlanmaq olar.