Xəzər Xəbər

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı VİDEO

Ali baş komandan şeytan yuvasının məhz fevralın 26-da söküldüyünü deyib
Veb TV | 22:00 • 18 Mart 2024
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

"Xankəndidəki şeytan yuvası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür. 

Bunu Xankəndi şəhərinə səfər edən prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlət başçısı bildirib ki, dörd ildir Novruz tonqalı azad edilmiş ərazilərdə qalanır.

Altı ay əvvəl uğurla keçirilmiş antiterror tədbirlərindən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan öz yolundan dönməyəcək. Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, Azərbaycan öz istəyinə nail olacaq. Dövlət başçısı əlavə edib ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror tədbirlərinin keçirilməsinə ehtiyac qalmazdı.

Ölkənin iqtisadi inkişafa və müstəqilliyə nail olduğunu, bu gün heç kimdən asılı olmadığını bildirən dövlət başçısı, bunun sayəsində siyasi müstəvidə öz siyasətini müstəqil şəkildə apardığını qeyd edib. ''Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır'', - deyə dövlət başçısı əlavə edib.

Separatçıların məskunlaşdığı meydan və binadan da danışan prezident bildirib ki, bu meydanda Azərbaycan xalqına qarşı çirkin planlar hazırlanıb. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilib.

Prezident İlham Əliyev Xankəndinin tarixi əhəmiyyətindən də danışaraq bildirib ki, bura qədim Azərbaycan torpağıdır. Azərbaycanın özünün ədaləti bərpa etdiyini, torpaqlarını işğalçılardan azad etdiyini, öz gücünü göstərdiyini vurğulayan dövlət başçısı bundan sonra hər kəsin bizimlə hesablaşmalı olduğunu, əks təqdirdə peşman olacağını bildirib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti