Xəzər Xəbər

Baş Prokurorluq brifinq keçirdi – nələr AÇIQLANDI? VİDEO

Veb TV | 20:00 • 18 Mart 2024
Baş Prokurorluq brifinq keçirdi – nələr AÇIQLANDI?

Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərdən daha bir nəfərin kimliyi müəyyən edilib.

Bunu Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini Orxan Rzayev deyib. O, bildirib ki, kütləvi məzarlıqda tapılan qalıqların Xocalı sakini, 71 yaşlı Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyən edilib.

İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 1992-ci ilin 26 fevral tarixində Xocalı rayonu ərazisində itkin düşüb. Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır.

Bu arada, Xocalıda kütləvi məzarlıqda aşkarlanan, kimliyi müəyyən edilmiş şəxslərin qalıqlarının dəfni ilə bağlı məsələlər ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyən olunacaq. Bunu əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov bildirib.

Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev qeyd edib ki, 1988-ci ildən - 1994-cü il də daxil olmaqla 3890 nəfər azərbaycanlı itkin düşüb. O, əlavə edib ki, itkin düşənlərdən 3171 nəfəri hərbi qulluqçu, 719-u isə mülki şəxslərdir.

Qeyd edildi ki, aşkar edilən insan qalıqlarında zorakılıq əlamətləri var. Meyit qalıqlarında əllərin bağlanması və zədələyən əşyalarla vurulması faktları müşayiət olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar