Xəzər Xəbər

Erməni terrorçular məhkəmə qarşısında VİDEO

Veb TV | 19:33 • 23 İyun 2021
Erməni terrorçular məhkəmə qarşısında

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslər dövlət hesabına vəkillə təmin edilib. Prosesdə vəkillər bütün proseslərin video-audio çəkilişləri aparılmaqla keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Vəkil vəsatət qaldıraraq bildirib ki, təqsirləndirilən şəxslər ötən ilin dekabrın 13-də saxlanıblar. Amma onların həbs müddəti fevral və mart ayından hesablanıb. Vəkil bildirib ki, saxlanan şəxslərin həbs müddəti dekabr ayından hesablansın. Vəsatətə hakim Azad Məcidov münasibət bildirib.

Xatırladaq ki, 13 dekabr 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsində keçirilmiş anti-terror əməliyyatı zamanı həmin silahlı terrorçular saxlanıb. Məlum olub ki, onlar ötən ilin 26-27 noyabr tarixlərində Azərbaycanın sərhədlərini qanunsuz keçərək meşəlik sahələrdə özlərinə döyüş mövqeləri tutub və bir neçə terror aktları törədiblər. Qeyd edək ki, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə baxışı iyulun 1-nə təyin olunub.

Bu gün həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunan Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi də başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin əvvəlcə anket məlumatları dəqiqləşdirilib. Ona hüquqları izah edilib, dövlət hesabına vəkillə təmin edilib. Dubakov Eduard Sergeyeviç barəsində Cinayət Məcəlləsinin ''terrorçuluq, terrorçuluğu maliyyələşdirmə'', ''cinayətkar birlikdə, habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə'', ''Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə'' maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, muzdlu kimi döyüşlərdə iştirak edən Rusiya vətəndaşının məhkəmə baxışı iyunun 30-a təyin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar