Xəzər Xəbər

Turizm bölgələrindəki fərdi evlərə tələbat artdı VİDEO

Veb TV | 20:39 • 22 Mart 2021
Turizm bölgələrindəki fərdi evlərə tələbat artdı

Bayram günlərində istirahət etməkdən ötrü insanlar daha çox bölgələrə müraciət ediblər. Rayonlara üz tutan turistlər istirahət mərkəzləri ilə yanaşı, fərdi evlərdə qalmağa da üstünlük veriblər. Səbəb isə istər rayon mərkəzindəki mənzillərdə, istərsə də kənd evlərində qalmağın otellərdən daha ucuz başa gəlməsidir. 

Bəziləri rahat istirahət üçün hotellərə, bəziləri isə fərdi evlərə üstünlük veriblər. Bayram günlərində rayonlara istirahət üçün gedənlər arasında gündəlik kirayə verilən evlərə maraq göstərənlərin sayı kifayət qədərdir.

Lənkəranda xeyli fərdi ev var ki, bayramda rayona gələn turistlər onları kirayələməklə istirahətlərini həm səmərəli keçirir, həm də büdcələrinə xeyli qənaət edirlər.

Rayon sakini Elşən İmaməliyev isə deyir ki, Lənkəranda kirayə mənzil bazarında bir ilə yaxındır durğunluq hökm sürsə də, son günlər vəziyyət yaxşıya doğru dəyişib. 

Şəkiyə üz tutan turistlər də əsasən kənd evlərinə maraq göstərirlər. Hazırda belə evlərdə boş yerlər az qalıb. Pandemiyanın tələblərinə uyğun olaraq insanlar sıxlığın nisbətən az olduğu məkanlarda istirahət etmək üçün kənd turizminə üstünlük verirlər.

Kənd turizminə üstünlük verən turistlər isə belə istirahətin həm ucuz, həm də daha rahat olduğunu deyirlər.

Qeyd edək ki, Şəkidə kirayə verilən evlərin qiyməti şəraitindən asılı olaraq adambaşı günlük 15 manatdan başlayır.

Xəbər lenti