Xəzər Xəbər

İkitirəlik davam edir: Qasparyan, yoxsa Davtyan? VİDEO

Veb TV | 20:47 • 22 Mart 2021
İkitirəlik davam edir: Qasparyan, yoxsa Davtyan?

Ermənistanda hərbi-siyasi vəziyyət elə bir acınacaqlı vəziyyətə gəlib çatıb ki, artıq ordu rəhbərliyində ikitirəlik yaranıb. Bir müddət öncə baş nazir Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisini vəzifəsindən azad etsə də, martın 18-də inzibati məhkəmə onun vəzifəsini davam etdirməsi ilə bağlı qərar qəbul edib. Bu gün isə Paşinyan "facebook"da yeni baş qərargah rəisinin təyin edildiyini yazıb. 

"Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib". Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "facebook"da bildirib. O, qeyd edib ki, qanunun gücü ilə Davtyan baş qərargahın rəisi təyin edilmiş sayılır. Məlumata görə, Nikol Paşinyan artıq onu ali hərbi rəhbərliyə təqdim edib. 

Ölkənin Ədliyyə naziri Rüstəm Badasyan da jurnalistlərə açıqlamasında bildirib ki, Onik Qasparyan bu postdan azad olunub və onun postunu Artak Davtyan tutub. Nazir həmçinin qeyd edib ki, bu məsələdə heç bir qeyri-qanuni məqam yoxdur və məhkəmə Qasparyanı yenidən öz vəzifəsinə qaytara bilməz.

Yeni qərargah rəisi isə ilk açıqlamasında siyasi proseslərə qarışmayacağını deyib. "Ermənistan silahlı qüvvələri siyasi məsələlərdə öz neytrallığını saxlayacaq. Konstitusiyadakı statusuna görə hökumətin nəzarəti altında fəaliyyət göstərən və eyni zamanda mülki nəzarətdə olan Ermənistan Silahlı Qüvvələri yalnız müdafiə, təhlükəsizlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını təmin etmək öhdəliyini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf olacaq", - deyə Artak Davtyan bildirib.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistanın baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edilməsi ilə bağlı 2 dəfə ölkə prezidentinə təqdimat göndərsə də, baş nazirin qərarı qəbul edilməyib. Qasparyanın işdən çıxarılması üçün üçüncü təqdimatı isə Prezident Armen Sarkisyan konstitusiya məhkəməsinə göndərib. Qasparyan özü isə baş nazirin təqdimatı ilə bağlı inzibati məhkəməyə şikayət edib. Martın 18-də Ermənistanın inzibati məhkəməsi Onik Qasparyanın baş qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyi ilə bağlı qərar verib.

Xəbər lenti