Xəzər Xəbər

ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

Veb TV | 22:59 • 19 Mart 2021
ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Li Litzenberqer Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ xalqı adından Azərbaycan xalqına sağlam və xoşbəxt Novruz diləyirəm. 2019-cu ilin mart ayında bütün ölkənin Novruz tətilinə hazırlaşdığı bir dönəmdə mənə Azərbaycana gəlmək qismət oldu”.

XəzərXəbər-in məlumatına görə, bunu Novruz Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer deyib.

“Ölkəyə gəldiyimdə əsl bayram əhval-ruhiyyəsi ilə qarşılaşdım. Şənliyə hazırlaşmış ailələr, göz qamaşdıran rənglər, hər yerdə, həmçinin, səfirlikdə qalanmış tonqallar və dünyada daddığım ən dadlı yeməklərlə tanış oldum.

Bu mənim üçün Azərbaycan mədəniyyəti və cəmiyyətinə həqiqətən xüsusi bir giriş idi. Bakıda olduğum ilk ay ərzində mənə göstərilən qonaqpərvərliyi heç vaxt unutmayacağam. Novruz dünyada yüz milyonlarla insan üçün ailələrin və icmaların bir araya gələrək yeni ilə başlamalarını qeyd etdikləri bir bayramdır. ABŞ-da son zamanlarda Azərbaycandan və bölgədəki digər ölkələrdən gələn immiqrantlar sayəsində Novruz bayramı müxtəlifliyi ilə seçilən mədəni təqvimimizə xoş bir əlavə olub.

COVID-19 bayramları genişmiqyaslı qeyd etməyi çətinləşdirsə də, səmimi qəlbdən ümid edirəm ki, hamınız təhlükəsiz və sağlam bir bayram keçirəcəksiniz. Və gələn il hamımız bayramı birlikdə qeyd edəcəyik”-deyə, səfir videomüraciətində bildirib.

XəzərXəbər səfirin videotəbrikini təqdim edir:

 

 

Xəbər lenti