Xəzər Xəbər

Gördükləri işin haqqını 3 aydır ala bilmirlər VİDEO

Veb TV | 21:28 • 19 Mart 2021
Gördükləri işin haqqını 3 aydır ala bilmirlər

Şəkidə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəki rayon İcra Hakimiyyətinin inzibati binası tikilir. Ancaq tikintidə müxtəlif vəzifələrdə çalışan 5 işçi iddia edir ki, onların əməkhaqları 3 aydır ödənmir. Əməkdaşlarımız problemi işıqlandırıblar.

İkisi fəhlə, ikisi mühafizəçi, digəri isə elektrik vəzifəsində çalışır. Onlar iddia edirlər ki, 3 aydır işlədikləri işin müqabilində əməkhaqlarını ala bilmirlər.

Şəki rayon sakinləri Coşqun Mahmudov, Yusif İsgəndərli, Elmaz Əbdürəhimov, Pərviz Məmmədov və Oruc İsayev "Akkord" şirkətindən şikayətçidirlər. Onların sözlərinə görə, bir neçə aydır Şəkidə "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası Açıq Səhimdar Cəmiyyəti tərəfindən rayon İcra Hakimiyyətinin inzibati binası tikilir və onlar da binanın tikintisində işləyirlər. Coşqun Mahmudov deyir ki, binanın tikintisində mühafizəçi işləməsinə baxmayaraq, 3 aydan çoxdur əməkhaqqını ala bilmir. Şirkət tərəfindən ona ümumilikdə 1470 manat pul ödənməlidir.

Onlar iddia edirlər ki, ümumilikdə 5600 manatdan çox pulları Akkord şirkətində qalıb. Şikayətçilərin sözlərinə görə, problemlə bağlı şirkət rəhbərliyinə məlumat verilməsinə baxmayaraq, hər dəfə əməkhaqlarının ödənəcəyi vədi verilib.

Mövzu ilə bağlı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası Açıq Səhimdar Cəmiyyətindən mövqe almağa çalışdıq.

Hüquqşunaslar bu problemlə qarşılaşan vətəndaşlara tövsiyə edirlər ki, belə vəziyyətdə onlar məhkəməyə müraciət etməklə əməkhaqqlarını şirkətdən tələb edə bilərlər.

 

 

Xəbər lenti