Xəzər Xəbər

Badamdarda sürüşmə olub? VİDEO

Veb TV | 20:14 • 8 Mart 2021
Badamdarda sürüşmə olub?

Badamdar sürüşmə sahəsində aktivlik qalmaqdadır. Bu gün səhər saatlarında da iri torpaq kütləsinin Badamdar-20-ci sahə avtomobil yolunu bağlaması narahatlıq yaradıb. İlkin araşdırmalarla məlum olub ki, hadisə sürüşmə yox, yığılan torpaq kütləsinin lokal axıntısıdır. Ərazidə müvafiq araşdırmalar aparılmaqla kənar şəxslərin girişi qadağan edilib. Sürüşmə sahəsindəki vəziyyəti stabilləşdirmək üçün Fövqəladə Hallar Nazirliyi ilə yaponiyalı mütəxəssislər tərəfindən işlənmiş layihənin icrası davam etdirilir.

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində baş verən torpaq axıntısı sürüşmə sahəsindəki vəziyyəti gərginləşdirib.

Hadisə səhər saatlarında Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində baş verib. Yanvarın 28-də qeydə alınmış sürüşmə zamanı yığılan torpaq kütləsi, eləcə də iri suxurlar və daşlar da yola doğru axın edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları əraziyə baxış keçiriblər. Xidmətin qrup rəhbəri Rafiq Həsənovun sözlərinə görə, proses təbii amillər səbəbindən baş verib və yamacda sürüşmə qeydə alınmayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən də əraziyə baxış keçirilib. Nazirlikdən bildirilib ki, sözügedən ərazidə lokal torpaq axıntısı baş verib. Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib. Sürüşmə sahəsi ilə bağlı qurum tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənmiş layihənin icrası davam etdirilir.

Nazirlik rəsmisi onu da əlavə edib ki, layihənin başa çatması ilə ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı isə gözlənilən olub. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

Xəbər lenti