Xəzər Xəbər

Ata-oğul qəbiristanlıqdan oğurluq etdi VİDEO

Veb TV | 18:39 • 10 Aprel 2019
Ata-oğul qəbiristanlıqdan oğurluq etdi

Ata və oğlu əlbir olub qəbiristandan oğurluq ediblər.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Balaxanı qəsəbə sakinləri polisə məlumat veriblər ki, qəbiristanlardan dəmir barmaqlıqlar və digər metal əşyalar oğurlanıb. 12-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Etibar Dostəliyev, oğlu Cəbrayıl Dostəliyev və paytaxt sakini Tayfun Sarıyevi qısa müddətdə müəyyən edərək saxlayıblar.

Məlum olub ki, adıçəkilən şəxslər ötən ilin oktyabr ayından bu il martın 20-dək olan müddətdə qəsəbə ərazisində yerləşən qəbiristandan 1050 manat dəyərində dəmir çərçivələri oğurlayıblar. Saxlanılan şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin həyətlərinə baxış zamanı oradan metal lövhələrin bir hissəsi aşkar olunaraq götürülüb. Onlar ifadələrində oğurladıqları dəmir əşyaların bir qismini metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Ağcabədi polisi isə rayon ərazisində silsilə oğurluqlar edərək insanların külli miqdarda əmlakını ələ keçirən şəxsi saxlayıb. Rayon sakinləri müxtəlif vaxtlarda polisə müraciət edərək onlara məxsus evlərdən qızıl-zinət əşyaları və pul oğurlandığı barədə məlumat veriblər. Əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində çoxsaylı oğurluqlar törətməkdə şübhəli bilinən Elnur Talıbov saxlanılıb. Onun ümumilikdə 20 min 900 manat dəyərində qızıl-zinət əşyaları və 600 dollar oğurladığı müəyyən edilib. Oğurlanmış qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi ondan aşkar edilərək götürülüb.

Sumqayıtda isə bir mağazadan oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb. Ötən gecə mağazanın qapısını xüsusi açma üsulu ilə açan oğru içəridə qadın paltarlarını yığaraq aradan çıxıb. Onun bu əməlini təhlükəsizlik kamerası çəkib.

Hər üç faktla bağlı oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024