Xəzər Xəbər

Qanunsuz süni göllər yaradanlar 85 min manat cərimələndi VİDEO

Veb TV | 20:43 • 21 İyun 2018
Qanunsuz süni göllər yaradanlar 85 min manat cərimələndi

Ölkə ərazisindəki qanunsuz süni balıq gölləri araşdırılır. Hansı ki, həmin gölməçələrdən uzun illərdir balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qurunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.

Ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılan süni göllər ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

Torpaqların idarə edilməsi dövlət agentliyinin direktoru bildirib ki, hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Mohuma Herçiyevin sözlərinə görə, bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb.

Agentlik rəsmisi bildirib ki, torpaq məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir.

Xəbər lenti