Xəzər Xəbər

Ermənistan ordusunda yeni korrupsiya faktları AŞKARLANDI VİDEO

Veb TV | 20:50 • 21 İyun 2018
Ermənistan ordusunda yeni korrupsiya faktları AŞKARLANDI

Ermənistanda artıq bir neçə gündür ki, rəhbər vəzifələrdə olmuş şəxslərin korrupsiya əməlləri ilə bağlı faktlar ortaya çıxır. Belə ki, general Manvel Qriqoryandan sonra keçmiş prezident Serj Sarkisyanın mühafizə xidmətinin rəisinin də evində axtarış aparılıb. Nəticədə Vaçaqan Kazaryanın evindən 2 milyon dollara yaxın pul və qiyməti 1 milyon dollar olan iki tapança aşkar edilib. Həmçinin Ermənistanda hərbi hissələrdə də korrupsiya faktları aşkar edilib.

Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Serj Sarkisyanın mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryanın evində axtarış aparıblar.

Bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan bildirib. "Axtarış zamanı evdən, ümumilikdə, 2 milyon dollara yaxın pul tapılıb. İstintaq bu pulların mənşəyini müəyyənləşdirəcək" - deyə Truzyan bildirib.

Aşkarlanan pullar müsadirə edilib. Bundan başqa, onun evindən qiyməti 1 milyon dollar olan iki tapança da aşkarlanıb. Truzyan deyib ki, mühafizə rəisinin ailəsinə məxsus "Yans" restoranı da qeydə alınıb.

Ess

Bu arada Ermənistan milli təhlükəsizlik bürosu bir neçə hərbi hissədə vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində külli miqdarda mənimsəmə halları aşkarlayıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, bir neçə hərbi hissənin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək olan dövrdə yanacaq məhsullarını mənimsəyiblər.

Araşdırma zamanı məlum olub ki, yanacaq-sürtgü materialları xidmətinin rəisi hərbi hissələrin rəhbərliyi ilə razılığa gələrək qanunsuz fəaliyyətlə məşğul olub. Tez-tez hərbi hissələrdən yanacaq məhsullarını çıxararaq qonşuluqda fəaliyyət göstərən avtomobil yuma məntəqəsinə satıb.

Hərbi hissələrin birində isə material təchizatına məsul hərbiçilər avtomobil hissələrini, hətta mühərrik və sürət qutularını yararsız adı ilə siyahıdan çıxararaq satıblar. Eyni zamanda avtomobillərin təmiri zamanı yeni detalları köhnələri ilə əvəz ediblər. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini, general Manvel Qriqoryan da bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb.

Xəbər lenti