Xəzər Xəbər

Prezidentin köməkçisi Əli Həsənov: Etnik separatizmlə oynamaq olmaz - VİDEO

Veb TV | 20:55 • 20 Noyabr 2017
Prezidentin köməkçisi Əli Həsənov:

Brüsseldə Azərbaycanın təşəbbüsü ilə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir" movzusunda beynəlxalq forum keçirilib. Forumun əsas ideyası, etnik separatizmin yaratdığı irticaçı ortam və ondan irəli gələrək dövlətlərin həyatında pozulmuş normal ictimai siyasi mühit olub. Beynəlxalq forumda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, separatçıların Ermənistanın dəstəyi ilə Azərbaycan ərazisində yaratdığı qondarma Dağlıq Qarabağ rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla beynəxalq hüquq prinsiplərini təmin etmək missiyasını yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri hələ də seyirci mövqe tutmaqda davam edirlər.

Biz uzun illərdir Avropaya, dünyaya xəbərdarlıq edirdik ki, etnik separatizmlə oynamaq olmaz. Etnik separatizmlə oynamaq sonda xalqlar və dövlətlər arasında münaqişəyə gətirir, qanlı münaqişələr törədir və bunun nəticəsində də insanlar əziyyət çəkir. Azərbaycan neçə illərdir ki, bu əziyyətin hər üzünü görüb - didərginliyi də, qaçqınlığı da, məcburi köçkünlüyü də, minlərlə insanın qətlə yetirilməsini də, insanların evsiz-eşiksiz qalmasını da. Bu fikirləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Brüsselda keçirilən beynəlxalq forumda səsləndirib.

Prezidentin köməkçisi qeyd edib ki, Brüssel şəhərində Avropa Parlamentinin, NATO kimi mötəbər qurumların tədbirlərinin keçirildiyi və müxtəlif dövlətlərin sabiq prezidentlərinin, millət vəkillərinin iştirak etdikləri bir məkanda belə bir forumun baş tutmasının xüsusi əhəmiyyəti var. Forumun qəbul etdiyi bəyənnamə , Avropanın müxtəlif sturukturlarına, o cümlədən dünyada sülhyaratma prosseslərində iştirak edən ATƏT-ə Avropa Şurasına, eləcə də BMT-yə də gedib çatacaqdır.

Bəyannaməni dünyanın 30-dan artıq dövlətinin nümayəndələri dəstəkləyib. Forumda həmçinin beynəlxalq separatizmə qarşı mübarizə hərəkatinin təşkilat komitəsi yaradılıb.

Əli Həsənov sonda qeyd edib ki, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünün dəstəklənməsində yekdillik nümayiş etdirdiyi kimi, eynilə digər xalqların, dövlətlərin həyatında baş verən etnik separatizmə də adekvat münasibət sərgiləyəcək, Azərbaycanın ərazi bütövlüyünü indiyədək necə tanıyırdısa, bundan sonra da tanıyacaq. Amma ərazi bütövlüyünün tanınması ilə məsələni bitmiş hesab etmək olmaz. İnanırıq ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü pozmuş, torpaqlarını işğal etmiş Ermənistana qarşı daha təsirli tədbirlər görəcək, bu işğalçı dövlətə ciddi ictimai qınaq nümayiş etdirəcək.Buna görə də BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün öz səylərini artırmalıdırlar.


Xəbər lenti