Xəzər Xəbər

Media və QHT rəhbərlərinin, blogerlərin Ağdam şəhərinə səfəri davam edir

Region | 15:40 • 13 Mart 2021
Media və QHT rəhbərlərinin, blogerlərin Ağdam şəhərinə səfəri davam edir

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Xezerxeber.az xəbər verir ki, onlar əvvəlcə Ağdam xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, “Qarabağ” futbol klubunun “İmarət” stadionu ziyarət edilib.

Məlum olub ki, ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Bildirilib ki, məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən idman infrastrukturundan biri də bu ərazidə yerləşən rayonun “Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionudur. Vaxtilə stadionda restoran və futbolçuların bazası da vardı. Yaxınlıqda isə Xurşidbanu Natəvanın heykəli var idi. İndi onlar əsər-əlamət belə qalmayıb. Bir çox el şənlikləri, festivallar, eləcə də mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Xəbər lenti