Xəzər Xəbər

Burnunu dik tutma, belini dik tut

Mədəniyyət | 20:46 • 8 Fevral 2014
Burnunu dik tutma, belini dik tut

 

Lakin çoxları bilmirlər ki, sağlamlıq da xoşbəxtlik kimi lap yaxınımızda, hətta içimizdədir. Əhəmiyyət vermədiyimiz, adi hesab elədiyimiz bir çox məsələlərdə böyük mətləblərin və faydaların gizləndiyinin fərqinə belə vara bilmirik bir çox hallarda. Və biz kiçik hesab elədiyimiz o əməllərlə böyük nemətləri itiririk. Minillik əxlaqımızda hər şeyin öz üslubu, öz ədəbi var. Bizə necə yatmaq da öyrədilib, necə oturmaq da, necə yerimək də, necə yemək də. Heç təsəvvür edirsinizmi, dədə-babadan bizə nəsil-nəsil belə bir tövsiyə yetişib ki, suyu ayaq üstə içməyək, oturaraq, həm də bir nəfəsə deyil, qurtum-qurtum içək. Kimlərsə bu tövsiyəyə adi hal kimi baxa bilər, amma çağdaş tibb elmi bu buyruğun ən doğru seçim olduğunu isbat edir. Və yaxud da ya arxası üstə, ya da sağ çiyni ağaşı olmaqla yatmaq tövsiyə edilir. Bu buyruğun da ən doğru seçim olduğu tibbin ortaya qoyduğu başqa bir həqiqətdir. Miras olaraq bizə gələn o əxlaq normalarının, demək olar ki, hamısı saflıq üçündür, ədəb üçündür, sağlıq üçündür, amma təəssüf ki, əlimizdəki nemətlərin dəyərini bilmir, ondan layiqincə istifadə haqqında fikirləşmirik. Adicə bir misal söyləyim: Elə bil ki, təbəssümü unutmuşuq. Küçədə üz-üzə gəldiyiniz insanların çöhrəsinə diqqət edin, əmin olacaqsınız ki, təbəssüm kasadlığı var. Elə bil ki, gülməyi, insanlara təbəssümlə baxmağı unutmuşuq. Çöhrəmizdən təbəssüm qaçaq düşüb. Halbuki, təbəssüm təkcə çöhrənin deyil, həm də könül dünyasının aynasıdır. Təbəssüm könül toxluğudur, Allahın verdiyi nemətlərə qarşı şükrün ifadəsidir, üz-üzə gəldiyin insana hörmətdir, ehtiramdır, gözəllikdir... Bu siyahını xeyli uzatmaq olar, amma o cəhddə bulunmadan bircə onu deməyi özümə borc bilirəm ki, təbəssüm bizə əcdadın tövsiyəsidir. İnsanlara təbəssümlə baxmaq ədəbdir, hörmətdir, dini terminologiya ilə desək, sədəqədir. Təbəssüm bir tərəfdən mənəvi zənginliyin, bir tərəfdən də təvazökarlığın ifadəsidir. Heç xudbin birisinin çöhrəsində təbəssüm görmüsünüzmü? - Görməmisiniz, görə də bilməzsiniz, çünki bir qəlbdə təkəbbür varsa, orda səmimiyyət olmaz, səmimiyyət olmayan çöhrədə təbəssüm olmaz. Bəlkə də, gülüşə bənzər bir şey görə bilərsiniz, amma o təbəssüm deyil.

Dədələrimiz gözəl deyiblər ki, üz ürəyin aynasıdır. İnsanın ürəyindəki duyğular müəyən qədər onun çöhrəsində görünür, sadəcə onu görə, oxuya bilmək lazımdır.

Könül toxluğu, mənəvi zənginlik, təbəssüm, təvazökarlıq həm də fiziki sağlamlığı təmin edən çox gərəkli faktorlardır. Başını dik tutmaq üz ağlığıdır, insanlar qarşısında gözü kölgəli olmamağın əlamətidir, belini dik tutmaq vüqardır, burnunu dik tutmaq isə təkəbbürün, özündən razılığın ifadəsidir. Elə söhbətimizin bu yerində çox maraqlı bir söhbəti dəyərli oxucularla paylaşmaq istəyirəm və onu da bildirməyi özümə borc bilirəm ki, bu yazını da elə danışacağın o söhbətin verdiyi qətiyyətlə, inamla qələmə alıram:

Günlərin bir günü gənc təbib qonşuluqda yaşayan ağır bir xəstənin tamam sağaldığını görür. Təəcüblənir. Günlər keçir, təbib başqa bir xəstənin də sürətlə sağaldığını görür. Bunu araşdırmağa başlayır. Məlum olur ki, bu xəstələr ucqar bir dağın ətəyində yerləşən məbədə gedərək orada qırx gün müddətində müalicə alıb və sağalıblar. Həkim çox təəccüblənir, hətta heyrətə düşür, çünki onların dərdi belə tezliklə, asanlıqla sağalan dərd deyildi. Bu işin hikmətini öyrənmək, o həkimin kimliyini, metodunu öyrənmək üçün bir dəstə adam toplayaraq deyilən ünvana səfər çıxır. Otuz nəfərlik bir heyət ağır və yorucu yolçuluqdan sonra nəhayət gəlib həmin məbədə çatırlar. Məbəddə çalışanlar onları mehribanlıqla qarşılayır, oranın qayda-qanunlarını izah edirlər: Kim bu məbəddə günah işləsə, bizə ev işlərində kömək edəcək, yəni su daşıyacaq. Günahın nədən ibarət olduğu ilə maraqlananda isə məbəddə qaşqabaqlı və beli bükük vəziyyətdə gəzmək olduğunu eşidən təbib çox təəccüblənir. Məbədin sahiblərindən müalicəyə nə zaman başladıqlarını soruşan təbibə qeyri-adi bir cavab verirlər: Burada heç bir müalicə üsulu yoxdur. Məbədi isə 40 gündən tez tərk etmək qadağandır! Bu xəbəri eşidən təbib və onun heyəti sanki şok yaşadılar. Tezliklə otuz nəfərdən on beşi cəzalanaraq su daşımağa getdi. Təbib də onların içində idi. Çünki müalicə üsulunun olmamasını eşidən təbibin üz- gözü büzüşmüş və o heyrətlər içinə düşmüşdü. Cəza da həmən üzünə oxunmuşdu. Su gətirilən çeşmə isə məbəddən 10 kilometr uzaqda, dərənin lap dibində idi. Hər kəs 16 litr su daşımalı idi. Üstəlik də gülər üzlə və şax yeriyəcək.

Günlər keçdikcə su daşıyanların sayı azalmağa başladı. Yeddinci gün su daşıyan kimsə qalmadı. Nəhayət məbədin işçiləri bütün xəstələri topladılar və məbədin içindəki kiçik qapını göstərib söylədilər: suya ehtiyacınız olarsa, bu otaqdan götürə bilərsiniz. Məqsədimiz sizi hərəkət etməyə yönəltmək idi. Sən demə, bu məbədə gələn hər kəs özünü ağıllı sanırmış və hər kəsin də özünə xas bir qüruru, kini varmış. İçimizdə olan, amma bizə xas olmayan şeyləri qovmaq üçün məbədin sahibləri belə üsulla kini, qüruru, tənbəlliyi öldürəcək “müalicə üsulu” tətbiq edirmişlər.

Təbib və yoldaşları 40 gün məbəddə yaşadılar və bu müddət ərzində bellərini dik tutaraq, bir-birinə təbəssüm edərək gəzib dolaşdılar. Şəhərdəki qaşqabaqlı üz ifadələrinin artıq onlara qorxunc gəldiyini hiss etdilər. Təbib əvvəlcə bu sağalmanı dağ havasına, təbiətə bağladı. Ancaq sonra işin sirrinin üz mimikalarında, hərəkətdə və şax duruşda olduğunu anladı...

Psixoloqların fikrincə, gülmək immuniteti, şiş və viruslarla mübarizə aparan hüceyrələrin sayını artırır, əzələləri boşaltdığı üçün insanı rahatladır, stresi azaldır. İnsanın müsbət düşünməsini təmin edir. Şəkər xəstəliyindən, yüksək təzyiqdən insanı qoruyur. Gülmək ürək döyüntüsünü nizamlayır, insanı düzgün nəfəs alıb-verməyə məcbur edir.

Bir də ki, gülərüzlü olmaq ətrafına pozitiv enerji yaymaqdır, bu cür insan əksərən də eyni enerjini öz mühitindən alır. Gülmək və düşünmək yalnız insana məxsus nemətdir. Həzrət Əli əleyhissalam gözəl demişdir: “Ürəyiaçıq və üzügülər olmaq məhəbbətin torudur ki, insanları onunla ovlamaq olar.”

Düzgün olmayan duruş zamanı ürək, ağ ciyər və başqa orqanlar yerini dəyişir. Bu isə onların funksiyasının pozulmasına gətirib çıxarır. Əzələlərin iş qabiliyyəti azalır, beyinin qanla təchizatı pişləşir. Bu isə diqqətin və yaddaşın zəifləməsinə gətirib çıxarır. Beləliklə əyri onurğa orqanizmin fiziki sağlamlığı ilə yanaşı psixi durumunu da pozur. Atalar nahaq yerə deməmişlər: “Burnunu dik tutma, belini dik tut.” Bir də unutmayaq ki, hər bir hərəkət yaxşı bir dərmandır. Hər bir dərman isə hərəkət demək deyil.

Bəli, əziz oxucular, indi növbə sizindir. Şəhərdə, küçədə, daima gülümsəyərək, insanların üzünə təbəssümlə baxaq və şax yeriməyə çalışaq. Təbii ki, ilkin mərhələdə bu, o qədər də asan olmayacaq. Onun üçün də sizə möhkəm iradə və cəmi qırx günlük dözüm üçün mübarizə ruhu arzulayıram...            

Kəmalə Abbasova Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının baş müəllimi

Xəbər lenti