Xəzər Xəbər

Ev sahiblərinə pis xəbər: Subay kirayənişin istəməyənlər CƏRİMƏLƏNƏ BİLƏRLƏR

İqtisadiyyat | 13:08 • 7 Dekabr 2021
Ev sahiblərinə pis xəbər: Subay kirayənişin istəməyənlər CƏRİMƏLƏNƏ BİLƏRLƏR

Ötən gün Türkiyədə məhkəmə evini subay oğlanlara kirayələmək istəməyən sahibkara cəza verdi. Belə ki, Kırklarelidə yaşayan bir şəxs internetdə gördüyü kirayə ev elanı üçün sahibkara zəng etdikdə ev sahibi "oğlanlara və tələbələrə ev vermirik”, - deyə bildirib. Gənc adam ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatına müraciət etdikdən sonra ev sahibinə 5 min lirə, "makler"ə isə 3 min lirə inzibati cərimə tətbiq edilib. Bildirilib ki, ev sahibi ilə "makler" cinsiyyətçilik və ayrı-seçkilik edib, buna görə də cərimələniblər. 
 
Təəssüf ki, ölkəmizdə də əksər ev sahibləri subay qız və oğlanlara ev verməkdən imtina edir. Maraqlıdır, ev sahibinin bu cür şərtlər qoyması qanuna uyğundurmu? Eyni zamanda Azərbaycanda da ayrı-seçkiliyə məruz qaldığını düşünənlər bununla bağlı məhkəməyə müraciət edə bilərlərmi?

Bununla bağlı açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına görə, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir:

"İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Lakin düşünürəm ki, ölkəmizdə Türkiyədəki kimi ayrı-seçkiliyə məruz qalan subay oğlan, mənzil kirayə verən şəxsə qarşı bu cür iddia qaldırsa, həmin iddianın təmin olunma perspektivi olduqca azdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Əmlak kirayə münasibətləri Mülki Məcəllə ilə tənzimləndiyindən, belə qənaətə gəlmək olar ki, kirayəçi öz əmlakını istədiyi şəxsə kirayəyə verə, ürəyi istəmədiyi şəxsə münasibətdə bunu etməyə bilər”.

Müsahibimiz bildirib ki, Azərbaycanda, nəinki, subay oğlan, hətta subay qızlar, eləcə də boşanmış və dul qalmış qadınlar da bəzən kirayə qalmağa ev tapa bilmirlər:

"Evlərini kirayə verən şəxslərin onlara qarşı münasibəti də birmənalı deyil. Subyektiv qənaətimə görə, Azərbaycan Respublikasının Konstitusiyası iyerarxik baxımdan Mülki Məcəllədən üstün olduğu və cinsindən aslı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına dövlət tərəfindən bərabər təminat verildiyi üçün, Türkiyədə olduğu kimi belə hallarda hüquqları pozulmuş və ayrı-seçkiliyə məruz qalmış şəxslərin müraciətləri üzrə iddiaları əsaslı olduğu təqdirdə, məhkəmələr tərəfindən təmin edilməlidir”./Sfera.az

Xəbər lenti