Xəzər Xəbər

Azad olunan şəhərlər üçün işçi axtarılır: maaş açıqlandı

İqtisadiyyat | 34,776 | 15:22 • 22 Oktyabr 2021
Azad olunan şəhərlər üçün işçi axtarılır: maaş açıqlandı

İşğaldan azad olunan ərazilərimiz üzrə iş vakansiyaları elan olunub. Hazırda məşğulluq alt sistemindəki vakansiya bankında işğaldan azad olunan Şuşa, Laçın, Zəngilan, Cəbrayıl əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur.

XəzərXəbər xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova deyib.

“İstər xidmət, istərsə də istehsal sahəsi üzrə vakant yerlər var və sayı kifayət qədərdir. Yüksək maaşlı vakant yerlər ixtisaslı kadrlar üçün nəzərdə tutulub. Bu vakant yerlərə kifayət qədər iş təcrübəsi olan şəxslər tələb olunur. Göndərişlərin həyata keçirilməsini təşkil edirik. Artıq 10 gün ərzində 6 nəfər işğaldan azad olunmuş ərazilərimizdə işlə təmin olunub. Vakant yerlər üzrə minimum əmək haqqı 250 manat, maksimum əmək haqqı isə 1700 manatdır”.

Qeyd edək ki, Cəbrayıl rayonunda poçtalyon işi üçün 250 manat, poçt üzrə əməliyyatçı üçün 255 manat, kargüzar üçün 260 manat, dərzi və dizayner üçün 500 manat, Laçın rayonunda yük avtomobili sürücüsü üçün 350 manat, ekskovator operatoru üçün 650 manat, Şuşada fəhlə üçün 350, usta işi üçün 300 manat, Zəngilanda topoqraf köməkçisi üçün 350 manat, anbardar və gözətçi-mühafizə işi üçün 420 manat, anbardar-təchizatçı üçün 450 manat, baş gözətçi-mühafizəçi üçün 500 manat, elektrik mühəndisi üçün 650 manat, sahə rəisi üçün 1700 manat əmək haqqı nəzərdə tutulub. İnternetə çıxışı olmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər./Axar.az

Xəbər lenti