Xəzər Xəbər

Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb

İqtisadiyyat | 17:16 • 28 İyun 2018
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb

Cari ilin aprel ayında Türkiyə Azərbaycandan 292,04 milyon kubmetr təbii qaz idxal edib.

XəzərXəbər xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Apreldə Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında 7,96 faizlik göstərici ilə 4-cü olub.

2017-ci ilin aprel ayında isə Türkiyəyə Azərbaycandan 576,84 milyon kubmetr təbii qaz idxal olunub. Ötən ilin aprelində Azərbaycandan qaz idxalı Türkiyənin ümumi idxalının 13,57 faizini təşkil edib.

Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda isə 591 milyon kubmetr təbii qaz idxal edib. Beləliklə ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 2 milyard 14 milyon kubmetr qaz göndərilib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz” qazını çatdırır. Bu ilin yanvar-mart aylarında CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olub. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), "AzŞD” (10 faiz), "Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoil” (10 faiz), "NICO” (10 faiz), və "TPAO” (19 faiz).

Xəbər lenti