Azərbaycan OPEC-in üzv
və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının
azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini 2017-ci ilin dekabr
ayında da yerinə yetirib.
Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən xəbərə görə, nazirlik Azərbaycanın ötən ilin dekabr ayı ərzində
gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq
Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin
məlumatlara əsasən, ötən ilin dekabr ayı ərzində ölkə üzrə gündəlik neft
hasilatı 810 min barel olub.
Bunun 755,1 min barelini xam neft,
54,9 min barelini isə kondensat təşkil edib. Gündəlik 649,4 min barel
xam neft, 54,9 min barel kondensat, 20,1 min barel isə neft məhsulları
ixrac edilib.
Qeyd edək ki, ölkə üzrə gündəlik neft hasilatı
yanvar ayında 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3
min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7
min barel, iyulda 796,7 min barel, avqustda 734,8 min barel, sentyabrda
785,7 min barel, oktyabrda 800,6 min barel, noyabrda isə 790,7 min barel
olub.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik
neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi
barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə
təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın
sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may
2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində
OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının
azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübünün sonunadək
uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC
Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə
daxil olmayan dövlətlərin nazirlərinin III görüşündə neft hasilatının
azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi
uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin
bu yeni razılaşmasına Azərbaycan da qoşulub.