Xəzər Xəbər

Pambıq tədarükü artır

İqtisadiyyat | 13:33 • 11 Dekabr 2017
Pambıq tədarükü artır

Havaların yağmurlu keçməsinə baxmayaraq, ölkədə pambıq tədarükü davam edir. Dekabrın 11-dək pambıq qəbulu məntəqələrinə 199 min 818 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən şənbə və bazar günləri 694 ton pambıq tədarük olunub. İndiyədək tədarük olunan məhsul ötən ilin ümumi göstəricisindən 111 min ton çoxdur.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticələr 1976-1986-cı illərdə əldə olunmuşdu. 1981-ci ildə Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı ki, bu da 1970-ci illərə nisbətən üç dəfə çox idi. Sonradan bu sahəyə diqqət zəiflədiyindən pambıqçılıqda tənəzzül yaşandı. Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması bu sahənin inkişafına əlavə təkan verəcək. Belə ki, proqramda pambıqçılığın inkişafının sürətləndirilməsi, pambıq məhsullarının ixracının artırılması, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının icrasının əsas nəticəsi kimi, 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.

AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 11-nə olan operativ məlumatı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar