Xəzər Xəbər

Qurban Qurbanov: Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik

İdman | 03:33 • 15 Mart 2024
Qurban Qurbanov: Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik

Futbolçularıma son ana kimi mübarizə apardıqlarına, azarkeşlərimizə isə bizə dəstək olduqlarına görə təşəkkür edirəm.

Xezerxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Elvin Cəfərquliyevin qırmızı kart alaraq meydandan qovulması işlərini daha da çətinləşdirib: "10 nəfərlə meydanda qaldıq. Buna baxmayaraq, komandamız çox yaxşı oyun göstərdi. Rəqib qapımıza gözlənilməz qollar vurdu. Lakin çox çalışdıq. Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik".

Q.Qurbanov əlavə edib ki, görüş çox ağır keçdi: "Bu gün anladıq ki, öz üzərimizdə daha çox işləməliyik. Yaxşı nəticə üçün çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq".

Rəqib komandanı təbrik edən və növbəti mərhələdə onlara uğurlar arzulayan çalışdırıcının sözlərinə görə, belə iddialı rəqiblərə qarşı oynamaq üçün təcrübəni daha da artırmaq lazımdır: "Çətin komanda ilə üz-üzə gəldik. Lakin dözümlü olmalı, bu dinamikaya öyrəşməliyik. Belə turnirlərdə iştirak bizim üçün çox vacibdir. Çalışmalıyıq ki, əlimizə düşən fürsətlərdən yaxşı istifadə edək. Bu gün etdiyimiz səhvlər bizi daha da böyüdəcək".

Təcrübəli mütəxəssis bildirib ki, iki komanda arasında futbol səviyyəsi baxımından böyük fərqlər var: "Əlimizdə nə qədər imkan varsa, klubumuzu yaxşılaşdırmaq üçün çalışacağıq. Texniki heyət cəhətdən zəif ola bilərik. Amma birlik və mübarizə ruhu olduğu müddətcə belə nəhəng komandalara qarşı hər zaman mübarizə aparmağa hazırıq".

Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Xəbər lenti