Fevralın 29-da Türkiyə Superliqasının XIX turunun ikinci günündə "Fənərbağça” səfərdə "Antalyaspor”un qonağı olub.
Xezerxeber.az xəbər verir ki, qarşılaşmaya fəal başlayan qonaqlar 36-cı dəqiqədə Vedat Muruqinin qolu sayəsində hesabı açıblar. Lakin meydan sahiblərinin futbolçuları Amilton Silva və Hakan Özmertin ardıcıl 52-57-ci dəqiqələrdə fərqlənərək komandalarını hesabda önə keçiriblər. "Fənərbağça”nın yarımmüdafiəçisi Miha Zayç oyunun əlavə olunan vaxtında vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.
Beləliklə, "Antalyaspor”-"Fənərbağça” matçında qalib müəyyənləşməyib - 2:2.
Gün ərzində keçirilən "Konyaspor”-"Kasımpaşa” matçında qapılara qol vurulmayıb - 0:0. "Trabzonspor” isə doğma meydanda "Rizəspor”u 5:2 hesabı ilə darmadağın edib.
Bu oyundan başqa, turda "Dənizlispor”-"Yeni Malatyaspor”, "Ankaragücü”-"Sivasspor”, "Qalatasaray”-"Gənclərbirliyi”, "Başakşəhər”-"Qaziantep” və "Kayserispor”-"Göztəpə” matçları keçiriləcək.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 48 xalla "Trabzonspor” klubu liderlik edir. "Başakşəhər” 46 xalla ikinci, "Qalatasaray” və "Sivasspor” klubları 45 xalla müvafiq olaraq üç və dördüncü pillələrdə qərarlaşıblar.