Rusiyada keçirilən dünya çempionatında ikinci tura yekun vurulub. XəzərXəbər-in məlumatına görə, bu gün üçüncü turun ilk 4 oyunu keçiriləcək. Görüşlər A və B qruplarını əhatə edəcək.
A
qrupunda 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları
arasındakı oyun qrup liderliyi baxımından əhəmiyyət kəsb edəcək. Qrup
lideri olmaq üçün Rusiyaya heç-heçə, Uruqvaya isə mütləq qələbə
lazımdır.
Qrupun digər oyununda Səudiyyə Ərəbistanı
ilə Misir yığmaları üz-üzə gələcək. Hər iki millinin növbəti mərhələyə
yüksəlmə şansları olmadığından matç formal xarakter daşıyır. Qrupun hər
iki oyunu saat 18:00-da başlayacaq.
A qrupundan fərqli olaraq B
qrupunda 3 milli növbəti mərhələ uğrunda mübarizə aparır. Hazırda qrupa
hərəyə 4 xal toplayan İspaniya və Portuqaliya yığmaları rəhbərlik edir. 3
xala malik İran
millisi isə növbəti mərhələyə yüksəlmək üçün Portuqaliyanı mütləq
məğlub etməlidir. Digər görüşdə isə İspaniya və Mərakeş komandaları
üz-üzə gələcəklər. Qrupun hər iki oyunu saat 22:00-da başlayacaq.