Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək
növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin
ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır.
Bu barədə BŞH-dan
XəzərXəbər-ə daxil olan məlumatda bildirilir.
Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırmaq istəyir ki, bu həftədən başlayaraq Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül
prospekti arasında olan hissəsinə baryerlər quraşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani
küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın
ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.
BŞH-nin
Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer ötən yarışla
müqayisədə növbəti yarışa hazırlıq işlərinin daha az vaxt aparacağını
bildirib: "Biz növbəti dəfə Formula 1 yarışına yüksək səviyyədə ev
sahibliyi etmək üçün artıq tikinti-quraşdırma işlərinin aparılması üçün
hazırlıqlara start veririk. Əldə etdiyimiz təcrübələr sayəsində hazırlıq
işlərinə hər ötən il daha az vaxt sərf edirik.
Bu il
tikinti-quraşdırma işləri ötən illə müqayisədə xeyli az olacaq. Belə ki,
Paddok binası hazır vəziyyətdədir və həmçinin bu il qənbər daşlı hissə
başda olmaqla bütövlükdə trek boyunca yeni asfalt qatının salınmasına
ehtiyac olmayacaq. Bundan başqa, yarış həftəsonu üçün nəzərdə tutulan
bəzi yerüstü keçidlər də ötən yarışdan etibarən şəhər sakinlərinin
istifadəsindədir.
Digər tərəfdən çalışırıq ki, yarışa hazırlıq
çərçivəsində gördüyümüz bütün işlərdə şəhər sakinlərinin rahat və
fasiləsiz hərəkəti təmin olunsun. Fürsətdən istifadə edərək bütün
paytaxt sakinlərini yenidən möhtəşəm Formula 1 yarışına ev sahibliyi
etmək üçün birgə səy göstərməyə və qarşılaşılan çətinlikləri anlayışla
qarşılamağa dəvət edirəm”.
Yarışla əlaqədar aparılan
tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi
nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu
mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri
aparılmaqla yanaşı trek boyunca təhlükəsizlik baryerlərinin əksəriyyəti
də quraşdırılacaq. Həmçinin martın əvvəllərində trek ətrafında
tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq.
İkinci
mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək və bu mərhələdə
avtomobil yolları açıq saxlanılmaqla trekin qalan hissələrinə
təhlükəsizlik baryerləri quraşdırılacaq, trek ətrafında digər müvəqqəti
obyektlərin quraşdırılması davam etdiriləcək və trek yarışa tam hazır
vəziyyətə gətiriləcək.