Bakıda yol hərəkət qaydalarını pozaraq təhlükə yaradan sürücü işdən azad edilib.
XəzərXəbər-ə Bakı
Nəqliyyat Agentliyindən verilən məlumata görə, sosial şəbəkələrdə 40
nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks
istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı yayılan videogörüntü
Agentlik tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb.
Müəyyən
edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031
DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə
yolun əks istiqamətinə çıxmaqla hərəkət edib. Bununla da avtobusun
sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər
hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda
pozuntusuna yol verib. Bakı
Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad
edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər
xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata
keçirsin.
Bakı
Nəqliyyat Agentliyi bəyan edir ki, sərnişinlərinin təhlükəsizliyi ilə
bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən daşıyıcılara
və sürücülərə qarşı barışmaz mövqedədir və bu mövqe dəyişməzdir.