Xəzər Xəbər

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti azad olunmuş bölgələrə səfər edəcək

Gündəm | 18:12 • 15 Sentyabr 2021
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti azad olunmuş bölgələrə səfər edəcək

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) baş tutub.

Ombudsman Aparatından xezerxeber.az-a bildiriblər ki, ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə faktaraşdırıcı missiya və mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparıblar.

ANAMA-nın sədri üçtərəfli bəyanatın imzalamasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistanın mina xəritələrinin təqdim edilməsi ilə bağlı sistematik addımlar atmamasını diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, mina xəritələrinin təqdim edilməməsi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə maneə törədir.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti  işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.

Xəbər lenti