Vergi sisteminin və
vergi qanunvericiliyinin təkmilləşdirilməsinin dərin iqtisadi
təhlillərlə və tədqiqatlarla əsaslandırılmasını təmin edən analitik
potensialın inkişaf etdirilməsi Vergilər Nazirliyində aparılan struktur
islahatların mühüm istiqamətlərindən birini təşkil edir. XəzərXəbər xəbər verir ki, bu məqsədlə vergi ödəyicilərinin fəaliyyətinin makro və
mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb.
Vergilər
nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, ən vacib
institusional yeniliklərdən biri makro və mikro səviyyədə təfərrüatlı və
əhatəli analitik bazanın formalaşdırılmasıdır: "Vergi siyasətinin
strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın
dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu
əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının
yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə
yönəlib.
Bu hədəflərin həyata keçirilməsi bütövlükdə, dövlət
büdcəsinə əlavə daxilolmaların təmin olunmasına və onun maliyyə
dayanıqlığının daha da artırılmasına, iqtisadiyyatın şaxələndirilməsi
məqsədilə özəl sektorda investisiyaların mənbələrinin genişlənməsinə,
iqtisadiyyatın şəffaflaşması vasitəsilə iqtisadi subyektlərin
bank-maliyyə resurslarına və xidmətlərinə çıxış imkanlarının
genişlənməsinə imkan verməlidir.
Bu
hədəflərin hər birinin effektiv şəkildə reallaşmasına xidmət edən və
iqtisadi inkişaf sahəsindəki strateji çağırşlara uyğun olan
əsaslandırılmış vergi siyasəti istiqamətlərinin və qərarlarının
formalaşması üçün vergi sistemi üzrə dərin iqtisadi tədqiqatlar və
təhlillər aparılmalıdır. Vergi siyasətində hər hansı qərarı qəbul
edərkən bilməliyik ki, onun maliyyə tutumu nədir, məşğulluğa, iqtisadi
artıma, vergitutma bazasının genişləndirilməsinə cari və perspektiv
təsirləri necə ola bilər, və yaxud makroiqtisadi proqnozlar çərçivəsində
vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi
növlərinin optimal proqnozlaşdırılması da vergi orqanlarının fəaliyyəti
üçün mühüm əhəmiyyət kəsb edir.
Tədiyə növlərində və vergilərin
sahəvi daxilolmalarındakı trendlərin vergi növlərinin iqtisadi bazasında
və Ümumi Daxili Məhsulun sahələrində gedən proseslər ilə
əlaqələndirilmiş şəkildə təhlil olunması, iqtisadi fəaliyyət sahələrində
vergi yükünün və vergi yığımı potensialının dövrü diaqnostikası, vergi
siyasətinin iqtisadi artıma dəstəkləyici tədbirlərinin effektivliyinin
ölçülməsi vergi siyasətinin təkmilləşdirilməsində olduqca vacib
amillərdir.
Təbii ki, bütün bu yüksək intellektual tutumlu
işlərin görülməsi üçün müasir analitik yanaşmaların, metodikaların və
modellərin tətbiqinə zərurət yaranıb".
X.Abdullayevin sözlərinə görə, bu sahədə kompleks işlərin aparılması nəzərdə tutulur.
İqtisadi
təhlillərin aparılacağı digər bir istiqamət iqtisadiyyatın real
sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə
araşdırılması ilə bağlıdır.
Vergilər Nazirliyinin
İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktorunun müavini
Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin
təhlili və analitik araşdırmalar mövcud olub: "Lakin, bu məlumatların
daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin
mikroiqtisadi səviyyədə təhlil edilməsii zəruridir. Əsas hədəfimiz vergi
sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi
ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında
işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət
göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini
tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr
səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq. Bu
təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam
açıqlığı ilə ortaya qoyacaq".
E.Ağakişiyevin sözlərinə görə,
dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində
üçüncü tərəflərin məlumatlarından da istifadə edilir: "Məsələn,
müəssisənin dövriyyəsi ilə yanaşı, onunn istehlak etdiyi enerji və s.
göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində
müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri
müəssisənin inkişafnın daha dəqiq xəritəsini yaradacaq.
Bununla yanaşı, Vergilər Nazirliyi
vegi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və
vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların
atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və
hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil,
ümumilikdə idarəedici qərarlar üçün də vacibdir".
E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi
vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki,
sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli,
əlverişli və sərfəli olduğunu başa düşsünlər: "Bununla yanaşı,
iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi
proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında
vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə
tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz
fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş
aparılacaq".
E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən
qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə
əlaqədardır: "Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin
tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm
vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı
və idxalçıdan başlamış topdansatış, distyubütor, pərakəndə satış
həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən
etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir.
Neft-qaz
şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla
aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir.
Nağdsız
ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə
işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar,
prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcəkdir. Nağdsız
ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə
həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar
üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaq.
Beləliklə,
nazirliyin yeni funksional idarəetmə çərçivəsində vergi siyasətinin
taktiki və strateji hədəflərinə effektiv şəkildə nail olunmasını təmin
etmək əsas vəzifədir".