Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları istehsalçılarına müraciət edib. XəzərXəbər-in məlumatına görə, müraciətdə deyilir:
"Bildiyiniz
kimi, respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı
Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən
birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq
dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin
və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və
süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi
mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ
xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata
keçirilir.
Bu gün ölkədə sağlam sahibkarlıq mühitinin
formalaşması, iqtisadiyyatın inkişafında özəl sektorun rolunun
əhəmiyyətli dərəcədə artması, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq
üçün münbit şəraitin yaradılması, qanunvericilik qaydalarının
liberallaşdırılması, maliyyə-kredit təminatlarının yaxşılaşdırılması,
sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, onların
fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, hüquqlarının
müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin
genişləndirilməsi məhz həmin kompleks tədbirlərin nəticəsində mümkün
olmuşdur.
Ölkə başçısının "Azərbaycan Respublikasında qida
təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 1-ci
hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə
dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş
qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən
xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının
verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının
müdafiəsi sahəsində və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun
daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının
bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək
məqsədi ilə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi də öz
fəaliyyətində sahibkarlarla bilavasitə əlaqədə olacaq, onların
fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcəkdir.
Agentlik
qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq
subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində
iştirakına yüksək qiymət verir. Bu baxımdan sahibkarlara qida zəncirinin
bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil
etmələri üçün hərtərəfli dəstək göstəriləcəkdir. Cari il iyulun 1-dən öz
səlahiyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika
ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı
aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət
tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını
şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq
standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq
sertifikatlar veriləcək. Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi
Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının
həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin
fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun
keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə
etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının
davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan
mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, "Made in
Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır.
Qida
Təhlükəsizliyi Agentliyi olaraq, sizləri öz fəaliyyətinizi
qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa
çağırır, istehsal etdiyiniz qida məhsullarının daxili bazarlarda satış
dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların
keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan
bilavasitə asılı olduğunu bir daha nəzərinizə çatdırırıq. Eyni zamanda,
önümüzdəki bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər
salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı
tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır
olduğumuzu bildiririk".