Ötən gün Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunun
Gərməçataq kəndindəki hərbi hissənin əhatə etdiyi postda olub.
XəzərXəbər-in
məlumatına görə, əsgər və zabitlərlə görüşən Ali Məclisin sədri
bildirib ki, xidmətin nümunəvi təşkili bu ərazidə insanların rahat
yaşayışını təmin edir. V.Talıbov qeyd edib ki, ölkəmiz inkişaf etdikcə
ordumuz da qüdrətləndi, əsgər və zabitlər üçün hərtərəfli xidmət və
yaşayış şəraiti yaradıldı:
"Bu sərhəd bölgəsində də yeni postlar yaradıldı, yol çəkildi, xidmət nümunəvi təşkil olundu".
Əlahiddə
Ümumqoşun Ordu komandanı, müdafiə nazirinin müavini general-leytenant
Kərəm Mustafayev müdafiənin ön xəttində xidmətin təşkili haqqında
məlumat verib.
General-leytenant qeyd edib ki, ərazidə əlverişli
hücum mövqeyi seçilib və möhkəm müdafiə potensialı yaradılıb, postlar
müasir silah və texnika ilə təmin olunub, yenisəngər və əlaqə yolları
çəkilərək əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş təmin edilib.
Ali Məclisin sədri Gərməçataq kəndində yerləşən dayaq məntəqəsində də olub, şəxsi heyətlə görüşüb.
Əsgərləri
salamlayan V.Talıbov bildirib ki, bu gün ölkəmizdə ordu quruculuğu
sahəsində həyata keçirilən tədbirlər ordumuzun maddi-texniki bazasının
möhkəmləndirilməsinə və müasir silah-sursatla təminatına imkan verir.
Sədr
qeyd edib ki, vaxtilə bu ərazidə hərbi xidmət ağır şəraitdə həyata
keçirilirdi: "Lakin bu gün dayaq məntəqəsində və onun əhatə etdiyi
postlarda nümunəvi xidmət şəraiti yaradılıb.Bu ərazidə yerləşən yaşayış
məntəqələrində insanların rahat yaşayışının təmin olunması şəxsi heyətin
xidmətinin təşkilindən asılıdır. Çünki ölkənin sərhədlərinin etibarlı
qorunması vətəndaşların rahat yaşayışına və quruculuq işlərinin
aparılmasına xidmət edir. Gərməçataq kəndində aparılan geniş quruculuq
işləri və yaradılan müasir kənd infrastrukturu ona görə mümkün olub ki,
Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir,
torpaqlarımız etibarlı müdafiə olunur".
Daha
sonra Ali Məclisin sədri xidməti vəzifələrini uğurla yerinə
yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib və xidmətdə fərqlənən
hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb.