Prezident İlham Əliyev Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasim iştirakçılarına müraciət ünvanlayıb.
Məktubu dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.
Müraciətdə deyilir: "Hörmətli mərasim iştirakçıları! Sizi Bakı
Metropoliteninin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən
salamlayır, hər birinizə cansağlığı və gələcək işlərinizdə
müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan paytaxtında yeraltı
nəqliyyatın yaradılması ideyası hələ 1930-cu illərin əvvəllərində
şəhərin perspektiv inkişafı üzrə baş planı işləndiyi vaxt meydana çıxıb.
İkinci Dünya müharibəsinin başlaması həmin planın, eləcə də metro
tikintisi ideyasının gerçəkləşdirilməsinə imkan vermədi. Sonrakı dövrdə
qarşıya çıxan ən müxtəlif çətinliklərə baxmayaraq, metro inşaatçılarının
böyük zəhməti bahasına 1967-ci ilin noyabr ayında Bakı
Metropoliteninin birinci növbəsi işə salındı ki, bu da Azərbaycanın
həyatında baş vermiş mühüm və əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən məhz onun diqqət və qayğısı sayəsində Bakı Metropolitenində tikinti işlərinin sürəti intensivləşdirildi, yeni xətlər istismara verildi, yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırıldı.
Ötən yarım əsrdə Bakı
şəhərinin infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında
metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş
verib, onun ümumşəhər sərnişindaşımalarında payı davamlı olaraq artıb.
Metropolitenin istismarı sahəsində irimiqyaslı işlər aparılıb və müasir
avadanlıqlarla təchiz edilən maddi-texniki bazası təkmilləşdirilib.
Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara
keçidin başlıca meyar olması və insan resurslarının lazımınca
dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edib.
Metro
stansiyalarının tərtibat baxımından milli memarlıq sənətinin
ornamentlərlə zəngin nümunələrinə çevrilməsi xüsusilə sevindiricidir.
Perspektivdə
metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcək. Metropoliten
müasir tələblərə müvafiq sürətdə yenidən qurulacaq və sərnişinlərin
təhlükəsizlik səviyyəsi daha da yüksələcək.
İnanıram ki, "Bakı
Metropoliteni" QSC-nin texniki hazırlığa malik peşəkar kollektivi
bundan sonra da özünün iş ahəngini qoruyub saxlayacaq, əzmlə çalışacaq
və üzərinə düşən vəzifələrin layiqincə yenirə yetirilməsi üçün bacarıq
və qüvvəsini əsirgəməyəcək”.