Xəzər Xəbər

Türkiyədə CHP-nin namizədi AKP-yə üzv oldu

Dünya | 10:02 • 29 Mart 2024
Türkiyədə CHP-nin namizədi AKP-yə üzv oldu

Türkiyədə bələdiyyə seçkilərinə 3 gün qaldığı bir vaxtda Bitlisdə maraqlı hadisə baş verib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana müxalifətin - Cümhuriyyət Xalq Partiyasının (CHP) Bitlis bələdiyyəsinin sədrliyinə namizədi Selim Söyügüzel istefa verərək hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub.

O, namizədlikdən də çəkilərək AKP-nin namizədini dəstəkləyəcəyini elan edib. AKP-nin Bitlisdəki yerli təşkilatında keçirilən yığıncaqda danışan Söyügüzel qərarını elan edib. Siyasətçi hakim partiyanın namizədi ilə qohumluq əlaqəsini vurğulayaraq ona səs istəyib.

“Bu ölkə hamımızındır. Millətimizə və qohumumuz olan AKP namizədi Nesrullah Tanğlaya dəstək olmaq üçün hər zaman prezident Rəcəb Tayyib Ərdoğanın ixtiyarında olacağıq. Bazar günü AKP təşkilatı ilə çiyin-çiyinə seçkini qazanacağıq. Biz hər zaman dövlətimizin, millətimizin yanında olacağıq. Biz güclüyük, qərarlıyıq, birlikdə uğur qazanacağıq. Biz davamlı işləyəcəyik. Yolumuz xeyirli, bəxtimiz xeyirli olsun”.

Sonda AKP Bitlis təşkilatının sədri Kadir Köstekçi Soyugüzelə partiya nişanını taxıb.

Xəbər lenti