Xəzər Xəbər

BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib

Dünya | 15:00 • 16 Mart 2024
BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib

BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib. Pakistanın təqdim etdiyi sənəd, təşkilatın Baş katibini bu məsələ ilə bağlı xüsusi nümayəndə təyin etməyə çağırır.

Xezerxeber.az BMT-nin saytına istinadla xəbər verir ki, qətnamədə müsəlmanların əleyhinə zorakılığa qarşı mübarizədə koordinasiyalı yanaşmanın zəruriliyindən də bəhs edilir.

Martın 15-i Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı bu gün Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidə edilən və 51 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra yaradılıb.

Qətnamənin lehinə 113 ölkə səs verib, 44 ölkə bitərəf qalıb. Heç bir dövlət bu sənədin əleyhinə səs verməyib. Baş Assambleya bir qrup Avropa ölkəsi tərəfindən təklif edilən qətnaməyə mətnə bəzi dəyişikliklərin, o cümlədən xüsusi nümayəndənin yerinə koordinator təyin edilməsi və “Quran”ın təhqir olunmasına dair istinadların aradan qaldırılması çağırışını ehtiva edən düzəlişləri qəbul etməyib.

BMT-nin rəhbəri cümə günü deyib ki, insanları bir-birindən ayıran və faktları təhrif edən ritorika bütün əhalinin damğalanmasına gətirib çıxarır. Bu kontekstdə beynəlxalq ictimaiyyət dözümsüzlük, stereotiplər və qərəzlə mübarizə üçün birləşməlidir.

Onlayn nifrət ritorikasının real həyatda zorakılığı artırdığını qeyd edən Baş katib Antonio Quterreş vurğulayıb ki, rəqəmsal platformalar nifrət dolu məzmunu tənzimləməli və istifadəçiləri təqiblərdən qorumalıdır.

İnstitusional ayrı-seçkilik və digər maneələr müsəlmanların hüquqlarını pozur və bir çox cəhətdən bu narahatedici fenomen dini qruplara, o cümlədən yəhudilik və xristian azlıqlara qarşı hücumların daha geniş tendensiyasının bir hissəsidir.

BMT-nin rəhbəri vurğulayıb: “Biz fanatizmlə mübarizə aparmalı və onun bütün formalarını kökündən kəsməliyik. Liderlər qızışdırıcı ritorikanı pisləməli və dini azadlığı qorumalıdır”.

Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali komissarı Volker Türk dini nifrət və dözümsüzlüyün bütün formalarının qəbuledilməz olduğunu bildirib. O deyib: “Biz bilirik ki, qorxu başqasına nifrət, cəhalət və inamsızlıq yaradır”.

V.Türk qeyd edib ki, islamofobiya qətllərə, bütöv bir toplumun insanlıq simasını itirməsinə və nifrətin qızışmasına gətirib çıxarır. O, Yaxın Şərqdəki münaqişə fonunda islamofob hadisələrin artdığını xatırladıb. Belə ki, Avropa və Şimali Amerikanın bəzi ölkələrində analoji hadisələrin sayı təxminən 7 dəfə artıb.

“Dövlətlər bu cür pozuntuları sənədləşdirməli və dinə və ya inanca əsaslanan insanlara qarşı dözümsüzlüklə mübarizə səylərini gücləndirməlidir. Dini biliklər, başqa sözlə, hər bir din və inancın dəyərlərini bilmək və anlamaq da vacibdir”, - deyən V.Türk dövlətləri bu mühüm məsələni dini zəmində nifrətlə mübarizə istiqamətində hərtərəfli təşəbbüslərə daxil etməyə çağırıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti