Xəzər Xəbər

Rusiya dost olmayan ölkələrin adını açıqladı

Dünya | 10:06 • 15 May 2021
Rusiya dost olmayan ölkələrin adını açıqladı

Rusiya hökuməti "Fəaliyyətləri ilə Rusiyaya qarşı dost münasibəti göstərməyən" ölkələrin siyahısını təsdiqləyib. Siyahıya yalnız ABŞ və Çexiya daxil edilib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Sənəddə qeyd olunub ki, Çex Respublikasının Rusiyadakı diplomatik nümayəndəliyinə Rusiya vətəndaşlığı olan ən çox 19 əməkdaş qəbul etməsinə icazə veriləcək. ABŞ diplomatik nümayəndəliyinə isə, ümumiyyətlə, Rusiya vətəndaşı olan işçi götürmək qadağan olunub. 

Hökumətin qərarını şərh edən Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, siyahıya daxil edilmiş dövlətlərin seçimi Moskvanın dialoqa hazır olduğunu göstərir.

Qeyd edək ki, sözügedən sənəd Vladimir Putin tərəfindən 23 aprel tarixində Çexiya və ABŞ ilə yaşanan diplomatik böhran fonunda imzalanıb. Belə ki, rəsmi Praqa Moskvanı 2014-cü ildə baş verən partlayışda günahlandıraraq 18 rus diplomatını arzuolunmaz şəxs elan edib. Vaşinqton isə ABŞ federal agentliklərinə edilən kiberhücumlarda və 2020 seçkilərinə müdaxilədə Rusiyanı cavabdeh bilərək yeni sanksiyalar tətbiq edib və bir sıra rus diplomatını ölkədən çıxarıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti