Xəzər Xəbər

Malkolm Ternbull Sukerberqi parlamentdə çıxış etməyə çağırıb

Dünya | 13:37 • 7 İyun 2018
Malkolm Ternbull Sukerberqi parlamentdə çıxış etməyə çağırıb

Avstraliyanın Baş naziri Malkolm Ternbull "Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberqi ölkə parlamentində çıxış etməyə çağırıb.


İyunun 7-də jurnalistlərlə söhbət edən hökumət başçısı deyib: "O, "Facebook”un rəhbəri və yaradıcısıdır. Biz onun parlament komitələrindən birində çıxışını alqışlayacağıq”. M.Ternbull etiraf edib ki, o, M.Sukerberqin Kanberraya gəlməsini çox arzulayır.


Bu ərəfədə Avstraliya parlamentinin hər iki palatasının kəşfiyyat və təhlükəsizlik üzrə birləşmiş komitəsinin sədri Entoni Birn bəyan edib ki, qanunvericilər M.Sukerberqi parlamentə dəvət etməyi planlaşdırırlar. Kütləvi informasiya vasitələrinin xəbərlərini şərh edən komitə sədri bildirib ki, "Facebook” qarşılıqlı razılaşmalar çərçivəsində Çinin "Huawei” və digər şirkətləri ilə informasiya mübadiləsi aparır.


E.Birn deyib: "Facebook”un fərdi məlumatları gizli formada "Huawei” şirkətinə ötürməsi yolverilməzdir. Biz bilmək istəyirik ki, M.Sukerberq buna niyə razılıq verib və onu dinləmələrə dəvət etmək istəyirik. O, bu məsələyə komitəmizin və Avstraliya xalqının qarşısında aydınlıq gətirməlidir”. Deputat əlavə edib ki, hazırda 15 milyon avstraliyalı "Facebook” istifadəçisidir.


"Huawei” konserni böyük məhdudiyyətlərlə olsa da, uzun müddətdir ki, Avstraliyada fəaliyyət göstərir. Bununla yanaşı, hökumət təhlükəsizliyin təmin edilməsi məqsədilə milli genişzolaqlı internetin yaradılması layihəsi zamanı Çin şirkətinin avadanlığından istifadəyə qadağa qoyub.


Son günlər Kanberrada hökumətin yeni 5G nəsil telekommunikasiya avadanlığının alınması üçün tenderdə Çinin "Huawei” və "ZTE” şirkətlərinin iştirakına qadağa qoyması barədə şayiələr də dolaşır. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti