Xəzər Xəbər

Ermənistanda yeni Baş qərargah rəisinin yararsız biri olduğu açıqlandı

Dünya | 16:15 • 25 May 2018
Ermənistanda yeni Baş qərargah rəisinin yararsız biri olduğu açıqlandı

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün silahlı qüvvələrin Baş qərargah rəisi, Rusiyadakı Frunze adına Hərbi Akademiyanın məzunu olan qarabağlı general-leytenant Movses Akopyanı vəzifədən azad edərək onun yerinə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanı təyin etməsi qalmaqala səbəb olub. Davtyanı yaxından tanıyan general-leytenant Artur Aqabekyan onun təyinatı ilə bağlı ciddi narahatlıq ifadə edib. Davtyanın Baş qərargah rəisi vəzifəsi üçün "ən hazırlıqsız general” olduğunu bildirib.

"Yeni Baş qərargah rəisinin təyinatı barədə öz mövqeyimi açıq bəyan etməyə borcluyam. Artakı hələ 1994-cü ildən, Mehri polkunun qərargah rəisi-cəsur kapitan olduğu vaxtlardan tanıyıram. Onun sonrakı karyerasında böyük rol oynamışam. Bunu bildirməyə borcluyam ki, ən məsul vəzifəyə ən hazırlıqsız general təyin olunub, Səmimi şəkildə narahatam”-qondarma "DQR”in keçmiş "vitse-premyeri” olmuş general Artur Aqabekyan özünün Facebook səhifəsində yazıb.

Generalın bu fikirləri dərhal geniş müzakirəyə səbəb olub. Paşinyanın rəhbərlik etdiyi "Çıxış” blokundan deputat Edmon Manukyan bildirib ki, general Aqabekyan bu cür fikirləri açıq bildirməklə düz etməyib.

"Cənab Aqabekyan şəxsən baş nazirin özünə müraciət etmək, görüşmək və onunla narahatlıqlarını müzakirə etmək üçün kanalları bilir”-Manukyan deyib. Deputat istisna etməyib ki, Davtyanın təyinatı rəsmi qərardan əvvəl hərbi dairələrdə müzakirə olunmuşdu və nəticədə Aqabekyan bu barədə xəbərdar idi. "O, gərək o vaxt baş nazirə müraciət edəydi. Mən onun bu təyinatla bağlı narahatlıqlarının nəyə əsaslandığını bilmirəm”-Manukyan bildirib.

Artur Aqabekyan

Məsələyə Nikol Paşinyan özü də reaksiya verib. O, "Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, silahlı qüvvələrdə Baş qərargah rəisi postunu tutmağa namizəd kifayət qədər zabit var."Lakin bu vəzifəyə bir adam təyin edilməliydi, mən də Artak Davtyanı seçdim. Seçimim çoxsaylı amillərə, o cümlədən onun sədaqətlə, ardıcıl və vicdanlı xidmətinə əsaslanır”-Paşinyan bildirib.

General Artak Davtyan Qarabağ müharibəsinin iştirakçısıdır, 1995-1998-ci illərdə Frunze adına Hərbi Akademiyada oxuyub. Rusiya silahlı qüvvələrinin Baş qərargahının Akademiyasında hazırlıq keçib. 2017-ci ildə 5-ci ordu korpusunun komandanı təyin olunub. Ondan əvvəl isə Baş qərargahın Əməliyyat idarəsinin rəisi idi. Artak Davtyan eyni vaxtda müdafiə nazirinin müavini vəzifəsini tuturdu. O, mayın 8-də, Paşinyanın hakimiyyətə gəlişindən az sonra istefa verib. (Virtualaz.org)


Rubrikanın digər xəbərləri

Xəbər lenti