Xəzər Xəbər

Madriddə Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb - FOTO

Dünya | 17:04 • 19 Yanvar 2018
Madriddə Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb -

İspaniyanın Madrid şəhərində keçirilən "Fitur-2018” beynəlxalq turizm sərgisi zamanı Ermənistan təmsilçilərinin planlaşdırdıqları növbəti təxribatın qarşısı alınıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistanın iştirakçı şirkətlərinin siyahısında işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərən "agentliklər”in ("Artsakh Tourism Development Agency” və "Armenia–ARM Tour”) "Fitur-2018”də qeydiyyatdan keçdiyi aşkarlanıb və həmin andan etibarən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Keçirilmiş çoxsaylı görüşlər (İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyində, Turizm üzrə İspaniya Dövlət Katibliyində, Dünya Turizm Təşkilatında və sərginin təşkilatçısı "IFEMA”nın rəhbərliyi ilə) və görülmüş əməli tədbirlər nəticəsində işğalçı ölkənin təxribat əməllərinin qarşısı alınıb, sözügedən "agentliklər” sərginin iştirakçıları siyahısından çıxarılıb. Sərginin davam etdiyi günlərdə də Ermənistan iştirakçılarının fəaliyyəti yaxından izlənilib, sərgi iştirakçılarına təqdim olunan təbliğat materiallarında təxribat yönümlü məlumatların yer almaması üçün əlavə zəruri tədbirlər görülüb.


"Fitur-2018”də beynəlxalq sərgisində ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə uğurla təmsil olunur. Azərbaycan pavilyonu sərgi iştirakçılarında böyük maraq doğurur. Pavilyonda ölkəmizin turizm potensialı ilə yanaşı, milli şərab brendlərimiz və şirniyyat nümunələrimiz təbliğ olunur. Sərgi öz işini yanvarın 21-dək davam etdirəcək.

Xəbər lenti