Xəzər Xəbər

Azərbaycan ilə Rusiya arasında gənclərlə iş sahəsində əməkdaşlığa dair tədbirlər planı təsdiqlənib

Cəmiyyət | 11:13 • 27 Noyabr 2020
Azərbaycan ilə Rusiya arasında gənclərlə iş sahəsində əməkdaşlığa dair tədbirlər planı təsdiqlənib

Gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun iclası keçirilib.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onlayn formatda keçirilmiş iclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev və Rusiyanın elm və ali təhsil nazirinin müavini Yelena Drujinina ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər istiqamətlər kimi, gənclər sahəsinin də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Məruzəçilər hər iki ölkə gənclərinin diplomatik, humanitar, elm, mədəniyyət və digər sahələrdə ünsiyyət və əməkdaşlığının ölkələrarası münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.


Sonra Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti haqqında təqdimatlar edilib.


Geniş müzakirələrdən sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi arasında gənclərlə iş sahəsində 2021-ci il üzrə əməkdaşlığa dair tədbirlər planı qəbul edilib. Tədbirlər planında Azərbaycan-Rusiya gənclər forumunun keçirilməsi, gənclər və tələbə mübadiləsi, könüllülük hərəkatı sahəsində əməkdaşlıq, elm və yaradıcılıq layihələrində iştirak və digər məsələlər əksini tapıb.


İşçi qrupunun tərkibi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının ötən il dekabrın 9-da Bakıda keçirilmiş 18-ci iclasının protokoluna əsasən formalaşdırılıb.


(Azərtac)

Rubrikanın digər xəbərləri

Xəbər lenti