Dövlət İmtahan Mərkəzi
(DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və
tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən
abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş
abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə
iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər elektron ixtisas
seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri
olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin
ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin
boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının
8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan
ixtisasları isə "Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.
İxtisas
seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta
ixtisas təhsili müəssisələrinin ixtisas kodunu seçib, onları
internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi
ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət
sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd
edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi,
həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək
istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli
və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və
ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili
müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul
aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə
ayrıca daxil edilməlidir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.