Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Milli Qurtuluş günü və
Ramazan bayramı ilə əlaqədar, iyunun 15-dən 20-dək gücləndirilmiş iş
rejimində işləyəcək.
"Azəriqaz"dan XəzərXəbər-ə
verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla
fasiləsiz təmin edilməsi, eləcədə "Qaz təsərrüfatında təhlükəsizlik
Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti
gücləndirmək məqsədi ilə İstehsalat Birliyi tərəfindən zəruri tədbirlər
həyata keçiriləcək.
"Belə ki, sutka ərzində 24 saat fəaliyyət
göstərən 185 və 104 nömrəli "Çağrı mərkəzi”nin fəaliyyəti
gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti idarəsində, Texniki
istismar şöbəsində, Sumqayıt Qaz İstismar Sahəsində, Bakı
Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar
İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq
növbətçilik təşkil olunacaq.
Bayram günlərində qəza halları
istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin
görülməsi nəzərdə tutulmur.
"Azəriqaz”
İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Milli Qurtuluş günü
və Ramazan bayramı münasibəti ilə təbrik edir və bayram günlərində
təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki
təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir", -
məlumatda qeyd olunub.