Xəzər Xəbər

Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olub

İqtisadiyyat | 13:55 • 2 Noyabr 2022
Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olub

Oktyabr ayında Rusiya Hindistana neft ixracında ənənəvi liderlər olan Səudiyyə Ərəbistanını və İraqı geridə qoyaraq, birinci olub.

“The Economic Times” qəzeti bu barədə dünya üzrə neft və qaz tankerlərinin daşınmasını izləyən “Vortexa” kompaniyasına istinadla məlumat yayıb.

Məlumata görə, oktyabrda Rusiya Hindistana gündə 946 min barel neft tədarük edib ki, bu da Nyu-Dehlinin xam neft idxalının 22 faizini təşkil edir. Eyni zamanda, ötən ay Hindistanın neft tədarükünün 20,5 faizi İraqın, 16 faizi isə Səudiyyə Ərəbistanının payına düşüb. “Vortexa” kompaniyası, həmçinin Hindistanın oktyabr ayında Rusiyadan gündə təxminən 106 min barel mazut idxal etdiyini yazıb.

Analitiklərin fikrincə, Avropa İttifaqı tərəfindən Rusiya neftinə qiymət limitinin tətbiqindən sonra bu ölkədən Hindistana neft idxalı azala bilər.

Hindistan enerji tələbatının 85 faizini idxal hesabına təmin edir. 2021-ci ildə İraq və Səudiyyə Ərəbistanı Hindistana xam neftin əsas tədarükçüləri olub, Rusiya isə bu siyahıda 9-cu yeri tutub.

Xəbər lenti

Çox oxunanlar