Xəzər Xəbər

Rusiyada ABŞ-a qarşı əks-sanksiyalar qüvvəyə mindi

Dünya | 13:33 • 22 May 2018
Rusiyada ABŞ-a qarşı əks-sanksiyalar qüvvəyə mindi
Rusiya Dövlət Duması Qərb ölkələrinə qarşı əks-sanksiyaları nəzərdə tutan "ABŞ və digər xarici dövlətlərin qeyri-dost fəaliyyətlərinə qarşı təsir (müqavimət) tədbirləri haqqında” qanun layihəsini bu gün üçüncü – sonuncu oxunuşda qəbul edib.


Rusiya Dövlət Dumasının rəsmi saytı xəbər verir ki, qanun rəsmi dərc olunduğu gündən qüvvəyə minəcək.


Qanuna əsasən, Rusiya prezidentinin qərarı ilə hökumət qeyri-dost xarici dövlətlərlə, o cümlədən həmin ölkələrin birbaşa və ya dolayı şəkildə yurisdiksiyası altında olan təşkilatlarla beynəlxalq əməkdaşlığı qadağan edə, yaxud dayandıra bilər.

Həmçinin, yeni qanunla Moskva ABŞ sanksiyalarına qarşı əks-sanksiyalar tətbiq edərək, Rusiyaya kənd təsərrüfatı və xammal məhsullarının, spirtli içki və tibbi dərmanların idxalına məhdudiyyətlər, həmçinin xarici kapitalı 25 faizdən çox olan şirkətlərə özəlləşdirmədə iştirak etmək, dövlət orqanlarına konsaltinq və audit xidmətləri göstərməyə qadağa qoyur. Lakin əks-sanksiyalar analoqları Rusiyanın özündə istehsal olunmayan, həyati vacib məhsullara, həmçinin vətəndaşların şəxsi istifadə üçün idxal etdikləri mallara şamil edilmir.

Qanun layihəsinin müəllifləri sırasında Federasiya Şurasının spikeri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və digər seputatlar var. Rusiya hökuməti və Ali Məhkəməsi də sözügedən qanun layihəsini dəstəkləyirlər.

Xatırladaq ki, 2014-cü ildə Krımı ilhaq etdiyinə görə ABŞ və Avropa ölkələri Rusiyaya qarşı silsilə sanksiyalar ttəbiq edib və zamanla sanksiyaların siyahısı daha da genişləndirilərək bir çox rusiyalı dövlət və iş adamlarını, iri iqtisadi və hərbi şirkətlərini əhatə edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti