Xəzər Xəbər

Anar yenidən Yazıçılar Birliyinin sədri seçildi VİDEO

Veb TV | 20:46 • 26 Oktyabr 2022
Anar yenidən Yazıçılar Birliyinin sədri seçildi

Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı keçirilib və quruma yeni sədr seçilib. Bu post yenidən 1987-ci ildən Yazıçılar Birliyinin sədri vəzifəsini tutan xalq yazıçısı Anara həvalə olunub.

Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı keçirilib. Xarici qonaqların da dəvət olunduğu qurultayda dövlət və hökumət nümayəndələri, yazıçı və şairlər, millət vəkilləri iştirak ediblər. 

Qurultayı qurumun sədri, Xalq yazıçısı Anar açıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ötən dövr ərzində dünyasını dəyişmiş şair və yazıçıların, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Anar deyib ki, bu gün Azərbaycan yazıçıları XIII qurultayını qalib ölkənin yazıçısı kimi keçirirlər.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Qurultay işini məruzələrin dinlənməsi ilə davam etdirib. Sonra Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qurultayın iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanmış müraciəti oxuyub.

Mədəniyyət naziri Anar Kərimov qurultay iştirakçılarını təbrik edərək qeyd edib ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək cəmiyyətimiz üçün öz lazımi töhfələrini verəcəklər:

Sonra qurultayın katibliyi və seçki komissiyası seçilib, reqlament müəyyənləşdirilib. Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ədəbi mühitin çatışmayan məqamlarına toxunub.

Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrdən danışan Sabir Rüstəmxanlı deyib ki, Qarabağda qazandığımız tarixi Qələbə qələm adamlarının əsərlərində öz əksini tapmalıdır.

Qurultay hesabat xarakterli çıxışlarla davam edib. Daha sonra birliyin sədri postuna səsvermə keçirilib. Xalq yazıçısı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Qeyd edək ki, namizəd kimi adları hallandırılan şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədlikləri səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının yekdilliklə Anarı dəstəkləmələri olub. Xatırladaq ki, Yazıçılar Birliyinin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

Xəbər lenti

Çox oxunanlar