Xəzər Xəbər

Metro işləməsəydi, 20 Yanvar qırğını zamanı şəhidlərin sayı daha çox ola bilərdi - Maşinistlər VİDEO

Veb TV | 21:30 • 20 Yanvar 2022
Metro işləməsəydi, 20 Yanvar qırğını zamanı şəhidlərin sayı daha çox ola bilərdi -  Maşinistlər

20 Yanvar hadisələrinin baş verdiyi gün metropoliten əməkdaşları da gecədən səhərə kimi iş başında olublar. Əməkdaşlar arasında həmin gecənin dəhişətlərinə şahidlik edənlər olub. Maşinistlər Cahil Həsənov və Vilayət Əsgərov o gecə gördüklərini ''Xəzər Xəbər''ə danışıblar.

Xezerxeber.az-ın məlumatına görə, hər ikisinin gözlərində 32 ilin kədəri hələ də hiss olunur. Qanlı yanvarda iş başında olan bu şəxslər baş verənlərin canlı şahidləridir.

"Bakı Metropoliteni"nin maşinisti Cahil Həsənov deyir ki, həmin gün axşam saatlarında işi yekunlaşdırıb evə getmək istəyəndə onlara işdə qalmaları ilə bağlı tapşırıq verilib. İş yoldaşlarından biri evinə yemək götürmək üçün gedib- qayıdarkən metronun "Neftçilər" stansiyası yaxınlığında atışma səsləri eşidib. Bundan sonra isə Cahil Həsənov digər maşinistlərlə birlikdə keçmiş Leytenant Şmid adına zavodun yaxınlığına gedəndə orada avtobusun və bir neçə yük avtomobilinin atəşə tutulduğunun şahidi olub.

Həmin günün şahidlərindən biri də maşinist Vilayət Əsgərovdur. 20 Yanvar gecəsi "Memar Əcəmi"-"Əhmədli" stansiyaları istiqamətində qatar sürən Vilayət Əsgərov deyir ki, metroya daxil olan sərnişinlər həddindən artıq çox olduğundan qatarlar 10-15 dəqiqə dayanmaqla onları daşıyırdılar. Məqsəd sərnişinlərin həyatını xilas etmək olub. Digər yoldaşı ilə qatarı növbə ilə idarə edən Vilayət Əsgərovun yaralıların xilas edilməsində də rolu olub.

20 Yanvar faciəsinin hər iki şahidi deyir ki, əgər həmin gecə "Bakı Metropoliteni" işləməsəydi, şəhidlərin sayı daha çox ola bilərdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti