Xəzər Xəbər

Göylərdən göyə ucalan 14 qəhrəman - “Qaraheybət” şəhidləri dəfn olundu VİDEO

Veb TV | 21:23 • 1 Dekabr 2021
Göylərdən göyə ucalan 14 qəhrəman - “Qaraheybət” şəhidləri dəfn olundu

Dünən Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi keçirildi. Vida mərasimində şəhidlərimizin keçdiyi döyüş yolu və xidməti fəaliyyəti bir daha diqqətə çatdırıldı. 14 şəhidimizin 11-i II Şəhidlər Xiyabanında, 3-ü isə ailəsinin istəyinə uyğun olaraq yaşadıqlara yerdə torpağa tapşırıldı.

Azərbaycanın 14 qızıl oğlu. Ailələri və doğmaları üçün əziz insanlar, Vətən üçün isə peşəkar hərbçilər və qəhrəman övladlar.

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirildi.

Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Çıxışlar zamanı bir daha vurğulandı ki, şəhidlərimiz Vətən müharibəsində də vəzifələrinin öhdəsindən layiqincə gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev şəhid olan hərbi qulluqçuların valideynlərinə, yaxınlarına və əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verdi.

Vida mərasimində şəhid ailələrinin tabutlara son toxunuşu isə duyğulu anlarla yadda qaldı.

Daha sonra şəhidlərin nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına yola salındı. Xalq son mənzilə yola salarkən öz övladlarını tək qoymadı.

"Mİ-17" markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu şəhid olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıblar.

Xəbər lenti